Milli Məclisin üzvü Qənirə Paşayeva Belçika Senatının fəxri sədri ilə görüşüb

Milli Məclisin üzvü Qənirə Paşayeva Belçika Senatının fəxri sədri ilə görüşüb
# 11 dekabr 2010 16:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən “İnsan alverinə qarşı Beynəlxalq Forum”da iştirak edən Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva forum çərçivəsində Belçika Senatının fəxri sədri, senator Anne Marie Lizinlə görüşüb. APA-nın xəbərinə görə, görüş zamanı millət vəkili Belçika Senatının fəxri sədrinə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, 1 milyon azərbaycanlının öz yurd-yuvasına qayıda bilməməsi, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı mövcud vəziyyət, Ermənistanın Azərbaycanın qərbində yerləşən Qazax rayonunun bir neçə kəndini də işğal etməsi, Bağanis-Ayrım soyqırımı barədə ətraflı məlumat verib.

Anne Marie Lizinin bir müddət əvvəl 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı açıq şəkildə dünyaya göstərən Qubadakı kütləvi məzarlığa baş çəkməsini xatırladan Q. Paşayeva bildirib ki, azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisələri insanlıq əleyhinə törədilən ən böyük cinayətlərdən biridir və beynəlxalq ictimaiyyətin bu məsələyə öz münasibətini bildirməsi vacibdir. Görüş zamanı Azərbaycan-Belçika parlamentlərarası əlaqələr mövzusu da diqqət mərkəzində olub və parlamentlərarası dostluq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşün sonunda senatora Azərbaycanla bağlı xatirə hədiyyəsi və Azərbaycan həqiqətlərini və mədəniyyətini özündə əks etdirən kitablar hədiyyə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR