“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadası”nın final mərhələsi keçirilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadası”nın final mərhələsi keçirilib
# 01 may 2016 10:14 (UTC +04:00)

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadası”nın final mərhələsi keçirilib

Bakı-APA. Aprelin 30-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda 17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası”nın final mərhələsi keçirilib.

AMEA-dan APA-ya verilən məlumata görə, tədbiri Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, İnformasiya Texnologiyaları İnstitutu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə təşkil edib.

Olimpiadanın final mərhələsində respublikanın 13 ali təhsil müəssisəsindən 13 komanda iştirak edib. Tədbirdə Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev olimpiadanın əhəmiyyətini qeyd ediblər. Tədbirdə Bakı, Gəncə, Naxçivan, Mingəçevir və Sumqayıtdakı ali təhsil müəssisələrinin təmsil olunduğu müsabiqənin şərtləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, olimpiada beynəlxalq “ASM/ICPC” (ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada) və “101” (şagirdlər arasında informatika üzrə beynəlxalq olimpiada) qaydaları üzrə e-olymp.com saytı vasitəsilə keçirilir.

Daha sonra olimpiadanın final mərhələsi keçirilib. Yarış zamanı hər komandaya beş saat ərzində 10 məsələni həll etmək tapşırığı verilib. Olimpiadanın ilk mərhələsində respublikanın 22 ali təhsil müəssisəsindən 55 komanda iştirak edib. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Finalda ən yaxşı nəticə göstərən dörd komanda qalib elan ediləcək.

Qaliblər “HP”, “Nar” və “Caspian Telekom” şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri fərman və diplomlarla mükafatlandırılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR