MSK İqbal Ağazadənin YAP-nın namizədi ilə bağlı şikayətinə baxıb

MSK İqbal Ağazadənin YAP-nın namizədi ilə bağlı şikayətinə baxıb
# 19 may 2016 14:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə namizədliyi irəli sürülmüş Ümid Partiyasının sədri İqbal Ağazadənin Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovla bağlı şikayətinə baxılıb.

APA-nın məlumatına görə, İ. Ağazadə şikayətində C. Osmanovun onun xeyrinə imza vermiş seçiciləri imzalarından imtina etməyə məcbur etməyə çalışdığını, seçicilərə təzyiq göstərdiyini, o cümlədən sosial şəbəkələrdə vaxtından əvvəl seçki təşviqatı apardığını iddia edib.

MSK üzvü İlham Məmmədov bildirib ki, MSK-nın araşdırması zamanı C. Osmanov tərəfindən seçicilərə təzyiq göstərilməsi barədə şikayət təsdiqini tapmayıb.

İ. Məmmədov deyib ki, C. Osmanov tərəfindən vaxtından əvvəl sosial şəbəkələrdə seçki təşviqatının aparılması ilə bağlı şikayət isə baxılması üçün Ağdaş Dairə Seçki Komissiyasına göndərilməlidir.

MSK İ. Ağazadənin C. Osmanov tərəfindən seçicilərə təzyiq göstərilməsi barədə şikayətini əsassız sayıb, C. Osmanov tərəfindən vaxtından əvvəl sosial şəbəkələrdə seçki təşviqatının aparılması ilə bağlı şikayəti isə baxılması üçün Ağdaş DSK-ya göndərmək barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR