Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 23 May

<b>Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 23 May</b>
# 23 may 2016 18:10 (UTC +04:00)

Günün şərhi

ABŞ prezidenti Barak Obama Vyetnama səfər edib. Köhnə düşmənçiliyin yaxın tərəfdaşlığa, hətta strateji müttəfiqliyə çevrilməsi prosesi gedir. Halbuki Vyetnam savaşının dəhşətləri hələ də yaddaşlardadır. Amerika ordusu vaxtilə bu uzaq ölkədə 60 minə yaxın itki verərək geri çəkilib. Bu savaş Amerika cəmiyyətinə “Vyetnam sindromu” adlanan sosial-psixoloji problem bəxş edib və bu sindromun təsirləri hələ də davam etməkdədir. Vyetnamlılar isə qanlı savaşda ümumilikdə 3 milyon insan itiriblər. Lakin bugünkü səfər bir daha göstərir ki, dünyada müharibələr və düşmənçiliklər daimi olmur. Müharibələr əvvəl-axır sülhlə, düşmənçiliklər isə əməkdaşlıqla nəticələnir.

Bu gün imzalanan anlaşmaya görə, Vyetnam ABŞ-ın "Boeing" şirkətindən 100 ədəd sərnişin təyyarəsi alacaq. Bu məqsədlə Obamanın iştirakı ilə 11,3 milyard dollarlıq müqavilə imzalanıb. Daha bir mühüm məqam isə ondan ibarətdir ki, ABŞ Vyetnama tətbiq etdiyi silah embarqosunun ləğvinə qərar verib və bu ölkəyə silah satmağa başlayacaq. Hər iki məsələdə itirənin hansı dövlət olduğunu və olacağını təxmin etmək çətin deyil. Vyetnam tərəfi son illərə qədər Rusiyanın "Suxoy" şirkətindən sərnişin təyyarələri almaq üçün bu ölkə ilə danışıqlar aparırdı, lakin bundan vaz keçdi. Rusiya eyni zamanda, Vyetnamın əsas silah tədarükçülərindən biridir. Lakin indən belə Rusiya hərbi-sənaye kompleksi bu sahədə ABŞ şirkətləri ilə rəqabət aparmalı olacaq. ABŞ-ın texnoloji üstünlüyü nəzərə alınarsa, bu rəqabətdə kimin önə çıxacağını proqnozlaşdırmaq çətin olmaz.

Əslində geosiyasi mənada ABŞ-Vyetnam tərəfdaşlığı daha çox Çinə qarşı yönəlib. Cənubi Çin dənizi və ümumilikdə Asiya-Sakit okean regionunda Çin ekspansiyasının qarşısını almaq marağı Amerika və Vyetnamı birləşdirir. Yəni Barak Obamanın Vyetnam səfəri ilə bir gülləyə iki dovşan vurduğunu söyləmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR