Sabiq prokurorluq işçisinin məhkəməsində zərərçəkmiş və şahidlər ifadə verib

Sabiq prokurorluq işçisinin məhkəməsində zərərçəkmiş və şahidlər ifadə verib
# 03 may 2016 10:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq prokurorluq işçisi Ələmşah Şükürovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. APA-nın məlumatına görə prosesdə zərərçəkmiş və şahidlər ifadə verib.

Məhkəmə mayın 10-da davam etdiriləcək.

Qeyd edək ki, 2013-cü ildə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Ələmşah Şükürov tutulub.

Araşdırmalar zamanı həbs edilən Ələmşah Şükürovun sabiq prokurorluq işçisi olduğu məlum olub. O, 2009-cu ildə prokurorluq işçisinin nüfuzuna xələl gətirən və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə və "Prokurorluq işçilərinin Etik Davranış Kodeksi"nin tələblərini kobud şəkildə pozduğuna görə prokurorluq orqanlarından xaric edilib.

Elə həmin il Ə. Şükürov barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törədildikdə ) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, sabiq müstəntiq xidməti vəzifəsinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq yararlanmaqla vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların əmlakını ələ keçirib və bununla da fiziki şəxslərin qanunla qorunan hüquqları və qanuni mənafelərinə mühüm zərər vurub.

Lakin Ə.Şükürova irəli sürülən ittihamlar sübuta yetirilməyib. Məhkəmə qeyd olunan maddələrdə Ə.Şükürova bəraət verib. Lakin məhkəmə Ə.Şükürovu CM-nin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edərək, onun barəsində şərti cəza təyin edib və məhkəmə zalından azadlığa buraxılıb.

2013-cü ildə isə onun barəsində yeni şikayətlər olduğundan o yenidən cinayət məsuliyyətinə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR