Bu ilin 4 ayında Azərbaycanda əsas kapitala 4,291 mlrd. manat vəsait yönəldilib

Bu ilin 4 ayında Azərbaycanda əsas kapitala 4,291 mlrd. manat vəsait yönəldilib
# 17 may 2016 16:13 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2016-cı ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4291,3 mln. manat vəsait yönəldilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əsas kapitala yönəldilən vəsaitin 3724,7 mln. manatı və ya 86,8%-i məhsul istehsalı obyektlərinin, 405,7 mln. manatı (9,5%-i) xidmət sahələri üzrə obyektlərin, 160,9 mln. manatı (3,7%-i) isə ümumi sahəsi 443,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Ümumi sərmayənin 18,6%-i dövlət, 81,4%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 69,5%-i tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 32,2%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 3536,8 mln. manat, bank kreditləri 330,3 mln. manat, büdcə vəsaitləri 275,8 mln. manat, büdcədənkənar fondların vəsaitləri 26,2 mln. manat, əhalinin şəxsi vəsaitləri 119,2 mln. manat, sair vəsaitlər 3,0 mln. manat təşkil edib.

2016-cı ilin yanvar-aprel aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 74,5%-i sənayeyə, 15,1%-i tikinti, 5,2%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinə, 1,3%-i dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 0,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,7%-i informasiya və rabitə, 0,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,4%-i səhiyyə, hər birində 0,3% olmaqla ticarət, təhsil, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 0,1% olmaqla peşə, elmi və texniki fəaliyyət sahələrinə, digər sahələrdə xidmətlərin göstərilməsinə sərf edilib.

2016-cı ilin yanvar-aprel aylarında neft sektoruna 3045,4 mln. manatlıq vəsait yönəldilib. Qeyri-neft sektorunun inkişafına sərf edilmiş 1245,9 mln. manatlıq vəsaitin 153,5 mln. manatı (ümumi sərmayənin 3,6 %-i) qeyri-neft sənayesi sektorunda istifadə edilib.

2016-cı ilin yanvar-aprel aylarında Bakı şəhərində iri qabaritli transformatorlar və Yeni Ağdağ gips zavodları, Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları, Gəncə şəhərində “Nizami” elektrik yarımstansiyası, Tovuz rayonunda Tovuzçay su anbarı, 2118 şagird yerlik 10 ümumtəhsil məktəb binası, 360 yerlik 4 məktəbəqədər təhsil müəssisəsi, 420 yerlik 3 klub və s. obyektlər istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR