Ağcabədidə yararsız ətlər aşkar edilib

Ağcabədidə yararsız ətlər aşkar edilib
# 10 may 2016 15:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Mayın 8-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar olaraq aparılan tədbirlər çərçivəsində Ağcabədi rayonunun Aşağı Afşar kəndində məlumat əsasında reyd keçirib.

DBX-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, reyd zamanı Aşağı Afşar kəndi ərazisində qeyri-qanuni fəaliyyət göstərən 4 ədəd: kənd sakinləri Şamil Məzahir oğlu Rüstəmova, Pənah Əvəz oğlu Mamedova, Cəmil Yunis oğlu İsmayılova və Taleh İbad oğlu Məhərrəmova məxsus heyvan kəsim yerləri müəyyən edilib.

Qanunsuz fəaliyyət göstərən Şamil Məzahir oğlu Rüstəmova məxsus heyvan kəsim yerində mənşəyinə və sağlamlığına dair heç bir müşahidəedici sənədi olmayan, xarici görünüşü, orqonoleptik göstəriciləri şübhə doğuran, baytarlıq müayinəsindən keçməyən 1 baş iribuynuzlu və 2 baş xırdabuynuzlu heyvan cəmdəkləri aşkar edilib. Heyvan cəmdəklərindən müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriyada aparılan müayinələr zamanı 2 nümunə xırdabuynuzlu heyvan ətində bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr zamanı isə 2 nümunə xırdabuynuzlu heyvan ətinin keyfiyyətsiz və baytarıq-sanitariya cəhətdən qida üçün yararsız olması müəyyən edilib.

Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq Ağcabədi rayonunun Aşağı Afşar kəndində aşkarlanan yararsız xırdabuynuzlu heyvan cəmdəkləri baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib. İnzibatı Xətalar Məcəlləsinin 289.0.1. (baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə) və 289.0.2. (heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına) maddələrinin tələblərini pozduqlarına görə fiziki şəxs qismində hər dörd kəsim obyetinin sahibləri barədə inzibati protokol tərtib olunub və Ağcabədi rayon baytarlıq müfəttişinin qərar ilə onların hər biri 200 manat miqdarında cərimə ediliblər. Eləcə də Ağcabədi rayon baytarlıq müfəttişliyinin qərarları ilə qeyri-qanuni fəaliyyət göstərən kəsim yerlərinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə lazımi tədbirlər bundan sonra da ardıcıl olaraq davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR