MHP millət vəkili: “O vaxt Ohanneslər, Kirikoslar gündüz Məclisdə qalstuk taxır, gecə insanları qətlə yetirirdilər” - MÜSAHİBƏ

MHP millət vəkili: “O vaxt Ohanneslər, Kirikoslar gündüz Məclisdə qalstuk taxır, gecə insanları qətlə yetirirdilər” - <span style="color: red;">MÜSAHİBƏ
# 30 aprel 2016 10:20 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Milliyyətçi Hərəkat Partiyası (MHP) Ərzurum millət vəkili, professor Kamil Aydının APA-ya müsahibəsi

- Aprelin 21-də Türkiyə Böyük Millət Məclisində HDP millət vəkili Qaro Paylanın təşəbbüsünə qarşı sərt çıxış etdiniz. İllərdən bəri bu cür təşəbbüslər fərqli formalarda TBMM-nin gündəminə gətirilsə də, ilk sərt reaksiyanı siz göstərdiniz.

- İllərdən bəri bu cür təşəbbüslərə təəssüf ki, Məclisimizdə lazımi şəkildə cavab verilməyib və biz daim özümüzü müdafiə etmək məcburiyyətində qalmışıq. Paylanın son təşəbbüsü Məclisimizin çatısı altında həm millətimizi, həm də millət vəkillərimizi aldatmağa yönəlmiş bir təşəbbüs idi. O, 1908-1915-ci illərdə Məclisdə olmuş erməni millət vəkillərinin xatirələrinin yad edilməsindən bəhs edir. Əvvəla, bunu bilməliyik ki, o illərdəki Məclisimiz güclü bir qurum deyildi, bir növ, “adı var, özü yox” idi. Həmin Məclisdə millət vəkili olmuş Ohannes Vartes, Kirikos Zora kimi adamlar (Qaro Paylan onların xatirələrini yad etməyi təklif edir) gündüz başlarına fəs qoyub, boyunlarına qalstuk taxıb, Məclisə gedir, gecə isə “Hnçak”, “Daşnak” kimi erməni terror təşkilatlarıyla Osmanlı əsgərlərinə güllə atırdılar. Bunların hamısının sənədləri rus, ingilis, fransız, amerikan arxivlərində var. Mən doktorluq dissertasiyamı İngiltərədə müdafiə etmişəm, “Mavi kitab”ı orada oxuyub, surətini çıxarmışam. Türk Tarix Qurumunun erməni masasına rəhbərlik etmiş dostum, professor Kamal Çiçək bu barədə çox dəyərli araşdırmalar aparıb. Müəllif özü o kitabı təbliğat məqsədiylə yazdığını etiraf edirsə, siz o kitabdan Osmanlı imperiyasına qarşı necə istifadə edə bilərsiniz? 4-cü ordunun komandanı Camal paşa öz bölgəsində ermənilərə haqsızlıq etmiş qrupları cəzalandırdı, erməni terrorçuları isə Camal paşanı 1921-də Tiflisdə qətlə yetirdilər. Buna nə deyəcəklər? 1921-də Tehleryan adlı terrorçu Berlində Tələt paşanı qətlə yetirdi, ona “dəli” raportu alındı, niyə bundan danışmırlar? Birinci Dünya müharibəsində Osmanlı imperiyası böyük dövlətlərə qarşı savaşırdı; ordu qərbə gedir, erməni bandaları şərqdə üsyana qalxır, ordu şimala gedir, erməni bandaları cənubda üsyan edib, mülki əhalini öldürürdü. Erməni bandalarının qətlə yetirdiyi insanlar arasında xeyli kürd mənşəli vətəndaşımız olub, bunlardan niyə danışmırlar? Həmidiyyə alayları nə üçün yaradılmışdı, niyə bu barədə heç səsləri çıxmır? Karagir Pastırmacıyanı az qala qəhrəman kimi bizə təqdim edəcəklər, kimdir Pastırmacıyan? 1914-cü ildə Doğubəyazitdə yüzlərlə kürd vətəndaşımızı qətlə yetirən banda başçısı. Azərbaycan milli hökumətinin daxili işlər nazirinin müavini olmuş Behbud xan Cavanşiri 1921-ci ildə İstanbuldakı “Pera Palas” otelinin qabağında “millət vəkili” deyilən adamların hazırladığı planla qətlə yetirmədilərmi? Ermənilər uzun müddətdən bəri Azərbaycan torpaqlarını işğal altında saxlayırlar, niyə indiyə qədər bununla bağlı TBMM kürsüsündən tək kəlmə danışmayıblar? Zori Balayan Xocalıda uşağın başının dərisini soyaraq öldürməkdən həzz aldığnı yazıb, vicdanları varsa, bu barədə danışsınlar. Kameraların önündə cərəyan etmiş bu faciələrdən danışmaq yerinə, 100 il o tərəfdə qalmış xəyali şeyləri gündəmə gətirib, aranı qarışdırmağa çalışırlar. Mən elm adamıyam, sənədlərlə danışıram, bəs bu adamlar Məclis kürsüsünə çıxarkən niyə sənədlərlə danışmırlar? Ermənistan hökumətinin baş naziri olmuş Ovannes Kaçaznuninin etiraflarını oxumayıblarmı? Rus arxivlərindən çıxan bütün sənədlər erməni bandalarının Ərzurumda, Ərzincanda, Vanda, Doğubəyazitdə törətdikləri cinayətləri açıq-aşkar göstərmirmi?..

- Tələt paşa xatirələrində yazır ki, Ərzurum valisindən aldığım teleqramlardan sonra səhərə qədər yata bilmirdim. Vali Tahsin yazırdı ki, ya onlar bizi məhv edəcəklər, ya da biz ciddi tədbir görməliyik.

- Mən Ərzurumun Ilıca qəsəbəsində anadan olmuşam. Nəslimizin o bölgədə məruz qaldığı qətliamları hamıdan yaxşı bilirəm. Erməni bandalarının bölgədəki türklərə yapdıqları qətliamların sənəd-sübutları durur. Mənim üçün maraqıdır: o vaxt erməni bandalarıyla savaşan əsas qüvvələr kürd qrupları olub, niyə bu gün bu barədə danışmırlar? Erməni əhalisinin imperiyanın başqa bölgələrinə köçürülməsinə dair qərarın icrası vaxtı yaşanmış nöqsanlar Osmanlı imperiyasının ümumi maddi durumuyla bağlıydı. Öz əsgərinə vermək üçün ayaqqabı tapmayan bir ölkə başqa yerlərə köçürülən vətəndaşlarına necə lüks şərait yarada bilərdi? İndi bunu tənqid etmək hansı məntiqə uyğun gəlir? Mən təkid edirəm ki, bundan sonra bu məsələlər barədə iddiaları Məclisə gətirmək istəyənlər çox kitab oxusunlar, arxivlərdə işləyəndən sonra Məclis kürsüsünə çıxsınlar.

- Sizcə, Məclisdə bu cür təşəbbüslər nə üçün edilir?

- Bu təşəbbüslərin əsas məqsədi “Osmanlı imperiyasının millətlər topluluğu” olduğunu gündəmə gətirərək Türkiyə Cümhuriyyətinin içərisindən yeni millət və dövlət çıxarmaq niyyətidir. Bəli, dünyadakı bütün imperiyalar kimi, Osmanlı imperiyası da çoxmillətli idi. Ancaq o biri imperiyaların dağılmasından sonra hər millət öz dövlətini qurdu. Türk milləti də o biri millətləri öz içinə alaraq Türkiyə Cümhuriyyətini yaratdı. Ermənilər Ermənistanı qurdular. Bu gün “İngiltərə xalqları”, “Almaniya xalqları”, “Fransa xalqları” desək, bizə gülərlər. Bunlar isə həm “Türkiyə xalqları” dedirtmək istəyirlər, həm də Türkiyə Cümhuriyyətindən yeni millət və dövlət çıxarmağı hədəfləyirlər. Əmin olsunlar ki, bu, mümkün deyil. Bu torpaqlarda qurulmuş Türkiyə Cümhuriyyəti dövlətindən nə yeni bir millət çıxacaq, nə də yeni bir dövlət.

- Məclisdəki sərt çıxışınızı passiv müdafiə dönəmindən sonra aktiv hücum dönəminin başlangıcı kimi xarakterizə edə bilərikmi?

- Mən bölgədə hamıdan çox ağrı-acı çəkmiş bir nəslin övladıyam, bundan sonra istər Məclis kürsüsündən, istərsə də dünyadakı bütün toplantılarda sənədlərlə-faktlarla danışmağa davam edəcəyəm. Mənfi 30 dərəcədə böyümüşəm, o bölgənin problemlərini çox yaxşı bilirəm, daima millətimin arasındayam. Qaro Paylan İstanbulda villada böyüyüb, onu 30 dərəcə şaxta olan bölgəyə göndərsək, gedəcəkmi? Mən çıxış edəndən sonra Məclisə gətirdiyi fotoları da yığıb getdi. Məclis başqanımız mənə dedi ki, ilk dəfə passiv müdafiə barrikadasını yıxaraq çox doğru iş gördün.

- İllərdən bəri başda Səlahəddin Dəmirtaş olmaqla, HDP millət vəkilləri ABŞ-dakı erməni təşkilatları ilə görüşərək “Türkiyənin gələcəyi ilə bağlı əməkdaşlıq” etməkdən dəm vursalar da, nə Məclis, nə də XİN buna reaksiya verirdi.

- 100 il əvvəl cərəyan edən hadisələr nə idisə, yenə də həmin şeylər davam edir. O vaxt gündüz Məclisə gələnlər axşam “Hnçak” və “Daşnak” terror qruplarıyla birgə olurdular, indikilər isə PKK ilə. Bunlar eyni şeylərdir. Bu adamlar 1916-cı ildə imzalanmış Sykes-Picot gizli anlaşmasından 100 il sonra mədəd umsalar da, bütün cəhdləri boşa çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR