“Avropa muzeylərində Qafqaz arxeoloji kolleksiyalari” adlı tədqiqat əsəri nəşr olunub

“Avropa muzeylərində Qafqaz arxeoloji kolleksiyalari” adlı tədqiqat əsəri nəşr olunub
# 04 oktyabr 2016 07:53 (UTC +04:00)

Bakı - APA. Almaniyada yaşayan azərbaycanlı tədqiqatçı Nuridə Atəşinin (Nourida Ateshi) “Avropa muzeylərində Qafqaz arxeoloji kolleksiyalari” adlı yeni tədqiqat əsəri nəşr olunub.

APA-nın məlumatına görə, əsərdə Avropanın bir çox muzey, arxiv və fondlarında saxlanılan, indiyədək mütəxəssislərə məlum olmayan arxeoloji materiallar, orijinal hesabatlar, foto-şəkillər, əlyazmalar və digər arxiv sənədləri ilk dəfə nəşr olunmaqla yanaşı, üzərində aparılan elmi tədqiqatların ilkin nəticələri əks olunub.

Muzey materialları arasında alman, rus və Azərbaycan dillərində yazılmış qazıntı hesabatlarının orijinal nümunələrinin araşdırılması, müxtəlif dövrlərdə və dillərdə yazılmış elmi tədqiqat əsərlərinin və nəşrlərin müqayisəli təhlili maraqlı və yeni elmi faktları ortaya çıxarıb.

Belə ki, son Tunc-Erkən Dəmir dövründə Qafqazın böyük bir ərazisinə yayılmış Xocalı- Gədəbəy mədəniyyətinə aid maddi mədəni irsin 19-cu əsrdən başlayaraq qanuni və qanunsuz yollarla Avropa muzeylərinə daşınmasına və onların indiyə qədər beynəlxalq tədqiqatlara açılmaması kimi problemlər işıqlandırılıb. Əsər ilk dəfə olaraq Avropa muzeylərində Xocalı-Gədəbəy mədəniyyətinə aid irsin sayı, hansı muzeydə hansı şəraitdə saxlandığı və onların indiyə qədərki qeyri-qənaətbəxş və qüsurlu tədqiqatları haqqında yeni məlumatlarla zəngindir.

Təqdim edilən elmi əsərdə Qafqaz arxeologiyasının tədqiqat tarixi və tarixşünaslığı xronoloji ardıcıllıqla tədqiq edilib. Eyni zamanda Rusiya, Almaniya Avstriya və Fransa muzeylərinin Qafqaz kolleksiyaları geniş tədqiqatlara cəlb olunaraq, bir çox yeni kolleksiyalar haqqında ilkin məlumatlar verilib, bir çox yeni arxiv sənədləri və əlyazmalarının ilk dəfə nəşr olunub.

Müəllif Qafqazın Son Tunc-Erkən Dəmir dövrünün arxeologiyasının problemlərini, xüsusilə Xocalı-Gədəbəy mədəniyyətinin indiyə qədər öyrənilməmiş və ya qüsurlu şəkildə öyrənilmiş nəzəri-təcrübi problemlərini konkret tarixi-arxeoloji dəlillərlə qabardıb, beynəlxalq, xüsusilə Avropa, Rusiya və Qafqaz elmi qurumlar qarşısında həlli vacib konkret məsələ şəklində qaldırıb, eləcə də onların həlli yolları ilə bağlı konkret təkliflər verib.

Qeyd edək ki, əsər dərs vəsaiti və geniş oxucu kütləsi üçün nəzərdə tutulmaqla yanaşı, alman, rus və ingilis dillərində geniş xülasəsi də verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR