Bakıda İsrailin müstəqilliyinin 68 illiyi ilə bağlı tədbir keçirilib

Bakıda İsrailin müstəqilliyinin 68 illiyi ilə bağlı tədbir keçirilib
# 18 may 2016 17:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "İsrail Azərbaycanın müstəqilliyini tanıyan sayca dördüncü ölkə olub".

APA-nın məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav İsrailin müstəqilliyinin 68 illiyi ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "Misir və İordaniyadakı uğurlu təcrübəsinə əsaslanaraq İsrail bütün münaqişələrin, eləcə də Azərbaycan və Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. İsrail və Azərbaycan qarşılıqlı hörmət, sülh və sabitlik arzusu və öz xalqlarının rifahı üçün hər iki ölkənin daha da inkişaf etməsinə kömək edəcək əlaqələri çox məharətlə inkişaf etdirirlər. İsrail və Azərbaycan unikal əlaqələri bölüşürlər: yəhudilər ən azı 15 əsr burada yaşadıqları zaman heç bir zaman antisemitizm mövcud olmayıb. Yəhudilər cəmiyyətin bir hissəsi olublar və onun inkişafına töhfə veriblər. İsrailə miqrasiya etmiş yəhudilər isə ölkələrimizin cəmiyyətləri və mədəniyyətləri arasında körpü rolunu oynayır”.


Səfir qeyd edib ki, Azərbaycan neftin ucuzlaşması ilə əlaqədar yaranan çətinliklərin qarşısını almaq üçün iqtisadiyyatını diversifikasiya edir. O bildirib ki, İsrail Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirmək üçün öz təcrübə və bacarığını bölüşməyə hazırdır.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə İsraillə Azərbaycan arasında sıx əlaqələrin mövcud olduğunu vurğulayıb: "Bu əlaqələr günü-gündən inkişaf edir. İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Yəhudi xalqı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə töhfə verir. Azərbaycanda 2700 ildir yəhudilər yaşıyır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR