Bakıda İndoneziyanın müstəqilliyinin 71-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

Bakıda İndoneziyanın müstəqilliyinin 71-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib
# 08 sentyabr 2016 18:09 (UTC +04:00)

Bakı.Türbət Bağırova-APA. Bakıda İndoneziya Respublikasının müstəqilliyinin 71-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

APA-nın xəbərinə görə, qəbulda İndoneziyanın Azərbaycandakı səfiri Husnan bey Fananie, Azərbaycan Milli Məclisinin vitse-spikeri Valeh Ələsgərov, deputatlar, diplomatik korpus, ictimaiyyət və media nümayəndələri iştirak edib.

Tədbir iki ölkə himnlərinin səsləndirilməsi ilə başlayıb.

İndoneziya Respublikasının səfiri Husnan bey Fananie bildirib ki, İndoneziyanın Azərbaycandakı səfirliyi 2010-cu ildə fəaliyyətə başlamasına baxmayaraq, ölkələrimiz arasında əlaqələr daha uzaq keçmişə söykənir. Səfir İndoneziyanın döyüş sənətlərindən olan “pencak silat”a Azərbaycanda böyük maraq olduğunu qeyd edib.

"Qarşılıqlı səfərlərin sayı qırxdan çoxdur. İndoneziya birtərəfli qaydada Azərbaycandan olan turistlər üçün viza rejimini ləğv edib. İqtisadi sahədə əməkdaşlığımız inkişaf etməkdədir. İndoneziya İtaliya və Almaniyadan sonra Azərbaycanın ən böyük tərəfdaşıdır. Lakin bu mövcud potensialı əks etdirmir. İnanıram ki, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha da inkişaf edəcək", - deyə səfir bildirib.

Daha sonra çıxış edən Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov qeyd edib ki, Azərbaycan və İndoneziya arasında müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafı məmnunluq doğurur: "Ölkələrimiz beynəlxalq təşkilatlar, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir birinə qarşılıqlı dəstək göstərir. Əminəm ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstək üçün İndoneziya Respublikasına təşəkkür edirəm".

Azərbaycanın İndoneziya ilə daha yaxın əlaqələrdə maraqlı olduğunu deyən vitse-spiker bildirib ki, iki ölkə arasındakı siyasi əlaqələr son illər daha da intensivləşib.

Tədbir İndoneziya milli rəqs nümunələrinin nümayiş etdirilməsi ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR