Səfir: “Misir Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”

Səfir: “Misir Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”
# 28 iyul 2016 21:57 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Bakıda Misirin milli bayramı münasibətilə tədbir təşkil edilib.

APA-nın xəbərinə görə, tədbirdə Misirin Azərbaycandakı səfiri Suzan Cəmil, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, dövlət xadimləri, diplomatik korpus, ictimaiyyət və media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan səfir Suzan Cəmil bildirib ki, Misir ərəb, müsəlman xalqları, həmçinin, Afrika qitəsinə mənsubiyyətinə əsaslanan milli kimliyini hər zaman hifz etməyə can atıb.

“Dərin ənənələrə əsaslanan bu cür kimlik Misirə beynəlxalq ictimaiyyətlə dostluq , sülh və etimad əlaqələrini möhkəmləndirmək imkanını verib”.

S. Cəmil ölkəsinin terrorçuluğun və ekstremist qrupların törətdiyi zorakılığın bütün təzahür növlərinə müqavimət göstərməkdə və aradan qaldırmaqda qətiyyətli və dönməz bir mövqedə olduğunu diqqətə çatdırıb: “Misir beynəlxalq ictimaiyyəti terrorun yox edilməsi istiqamətində birgə səy göstərməyə bir daha səsləyir. Bəşəriyyətin beşiyi, tarixin yarandığı məkan olan Misir maariflənmənin “məşəli” və gerçək mülayim İslamın yer tapdığı bir məmləkətdir. Misirin adı Quran da daxil olmaqla digər müqəddəs kitablarda sülh, rifah və əmin-amanlıq diyarı kimi çəkilmək şərəfinə layiq görülüb”.

Səfir Azərbaycan-Misir əlaqələrinin vacibliyinə də diqqət çəkib: “Misir qardaş Azərbaycan Respublikası ilə bütün sahələrdə dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyə rəvac vermək niyyətindədir. Bu baxımdan Misir Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, ona qardaş olan Azərbaycan xalqının sülh və əmin-amanlıqda yaşamaq hüququnu dəstəkləyir”.

Sonra çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikası prezidenti və hökuməti adından Misir xalqının milli gününü təbrik edib. Azərbaycan və Misir arasında əlaqələrin qarşılıqlı hörmət prinsipinə əsaslandığını deyən nazirin sözlərinə görə, beynəlxalq təşkilatlar çərçivəsində göstərilən qarşılıqlı dəstək iki ölkə arasındakı ənənəvi dostluğun göstəricisidir.

“Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllində Azərbaycana göstərdikləri dəstəyə görə Misirə bir daha təşəkkür edirik”.

Ş Mustafayev bildirib ki, bu ilin birinci yarısında ölkələrimiz arasında ticarət dövriyyəsində 30% artım müşahidə olunub.

İndiyədək hökumətlərarası komissiyanın 3 iclasının keçirildiyini deyən nazir cari ilin sonuna qədər komissiyanın növbəti iclasının keçiriləcəyini qeyd edib.

Tədbir Misirdən gələn milli rəqs qrupunun çıxışları ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR