"Atletlər kəndi"ndə baş verən qəzada təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib

"Atletlər kəndi"ndə baş verən qəzada təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
# 20 may 2016 10:56 (UTC +04:00)


Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı yaradılan "Atletlər kəndi"ndə baş verən yol-nəqliyyat hadisəsində təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Bakı Nəqliyyat Sərnişindaşıma və Yükdaşıma MMC-nin müdiri işləmiş Elmixan Hacıyev şahid qismində ifadə verib. Şahid bildirib ki, Bakı Avropa Oyunları Təşkilat Komitəsindən gələn siyahı əsasında sürücülərlə müqavilə bağlayıblar. Həmin siyahıda Vəli Əhmədov da olub.

Keçmiş polis əməkdaşı Məzahir Əsgərov və hadisə baş verən zaman 24-cü Polis Bölməsində təhqiqatçı işləyən Müşfiq Mikayılzadə də prosesdə ifadə verib.

Məhkəmə prosesi mayın 27-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il iyunun 11-də, I Avropa Oyunlarının "Atletlərkəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadaları üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub.

Yol-nəqliyyat hadisəsində sürücü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov təqsirləndirilir.

V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. Digərlərindən fərqli olaraq, F.Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR