Bahar Muradova: “Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, biz onların da problemlərini həll etməliyik”

Bahar Muradova: “Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, biz onların da problemlərini həll etməliyik”
# 13 may 2016 10:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Status-kvonun dəyişməli olduğu barədə həmsədrlərin bəyanatından sonra vəziyyətin dəyişəcəyini gözləmək olardı. Amma Ermənistanın danışıqlar prosesinin uzadılmasına, status-kvonun saxlanılmasına çalışdığını gördük. Ermənistanın beynəlxalq havadarları da ona bu istiqamətdə kömək edirlər”.


APA-nın məlumatına görə, bunu Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda keçirilən dinləmələr zamanı Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B. Muradova bildirib ki, artıq beynəlxalq ictimaiyyət münaqişənin ciddi təhlükə törətdiyinin fərqindədir: “Münaqişənin həlli ilə bağlı səylərin artdığı bir məqamda Ermənistanın təmas xəttində törətdiyi təxribat hər kəsə məlumdur. 2014-cü ildən bu yana Azərbaycanı və bizi dəstəkləyən region ölkələrini təxribata çəkmək istiqamətində addımlar atılır. Azərbaycan ərazisində Ermənistanın hərbi kontingentinin iştirakı ilə təlimlər keçirilir, işğal altındakı ərazilərdə mədəni abidələr məhv edilir, “Dağlıq Qarabağ Respublikası”nın tanıtdırılması istiqamətində səylər göstərilir. Aprelin ayının 2-dən başlayan son hadisələr, Ermənistan silahlı bölmələrinin təxribatları nəticəsində insanlar həlak oldu, ekologiya, ətraf mühit üçün zərərli sayılacaq hadisələr baş verdi. Azərbaycan ordusunun bölmələri bu hücumların qarşısını almaq üçün əks-hücuma keçdi, bir sıra yüksəkliklər geri alındı. Ermənistan ordusu və onların yaratdığı istehkamların keçilməz olduğu barədə miflər dağıldı. Ermənistanın təcavüzkar rəhbərliyi üçün də arzuedilməz proseslər başlayıb. Dağlıq Qarabağda artıq əhali arasında münaqişənin lazım olmadığı haqda fikirlər səslənir. Bu münaqişəni başlatmaqla Ermənistan Dağlıq Qarabağdakı əhali üçün problemlər yaradıb, onların gələcəyə ümidi qalmayıb. Vəziyyətin bu şəkildə davam etməsi mümkün deyil”.

B. Muradova Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olduğunu vurğulayıb: “Biz o vətəndaşların da problemlərini həll etməliyik, qaçqın və məcburi köçkünləri öz yerlərinə qaytarmalıyıq. Aprel hadisələri zamanı Azərbaycanın buna daha çox imkanı olduğu üzə çıxdı. Azərbaycan göstərdi ki, bu vəziyyətlə uzun müddət barışmayacaq”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR