Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığına dair hökumətlərarası komissiyanın VI iclası başa çatıb

Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığına dair hökumətlərarası komissiyanın VI iclası başa çatıb
# 28 aprel 2016 14:41 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. İslamabadda keçirilən Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığına dair hökumətlərarası komissiyanın VI iclası başa çatıb.

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, iclasda hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri, müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti iştirak edib. İki gün davam edən iclasda Azərbaycanla Pakistan arasında əlaqələrin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb və bu əlaqələrin inkişafında hökumətlərarası komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb. İki ölkə arasında müxtəlif sahələr üzrə mövcud olan əməkdaşlıqların inkişaf perspektivlərinə dair geniş müzakirələr aparılıb.

Sonda həmsədrlər tərəfindən Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının VI iclasının yekunlarına dair Protokol imzalanıb.

Səfər çərçivəsində nazir Yavər Camalovun Pakistanın müdafiə sənayesi federal naziri Rana Tanvir Hussain ilə görüşü və hərbi sənaye müəssisələri ilə yaxından tanışlığı da nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR