Banklarda yerləşdirilən əmanətlərin 93%-i Bakı əhalisinin payına düşür

Banklarda yerləşdirilən əmanətlərin 93%-i Bakı əhalisinin payına düşür
# 03 noyabr 2015 13:27 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda 2015-ci il oktyabrın 1-nə yerli banklarda əhalinin əmanətlərinin ümumi həcmi 7 311,806 mln. manat təşkil edir.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən xəbərə görə, yerli banklarda yerləşdirilən əmanətlərin 6 774,652 mln. manatı və ya 92,65%-i Bakının, 537,155 mln. manatı və ya 7,35%-i isə digər regionların payına düşür.

Regionlar üzrə ən çox əmanət Abşeron iqtisadi rayonu (159,503 mln. manat), Gəncə-Qazax iqtisadi rayonu (125,447 mln. manat), Aran iqtisadi rayonu (88,493 mln. manat), Lənkəran iqtisadi rayonu (37,442 mln. manat) və Quba-Xaçmaz iqtisadi rayonu (36,901 mln. manat) üzrə qeydə alınıb. Əmanət cəlbinə görə Kəlbəcər-Laçın iqtisadi rayonu isə ən aşağı göstəriciyə (2,065 mln. manat) malikdir.

Bakı şəhəri üzrə əhalinin yerli banklarda yerləşdirdiyi əmanətlər üzrə orta faiz dərəcəsi 8,1% təşkil edir. Respublikanın banklarında yerləşdirilən əmanətlər üzrə ən yüksək orta faiz dərəcəsi Abşeron iqtisadi rayonunda (8,4%), ən aşağı orta faiz dərəcəsi göstəricisi isə Naxçıvan iqtisadi rayonunda qeydə alınıb (4,6%).

Əmanətlərin 1 777,842 mln. manatı və ya 24,31%-i milli valyutada, 5 533,965 mln. manatı və ya 75,69%-i isə xarici valyutada yerləşdirilib.

Ümumi əmanətlərin 1 253,139 mln. manatı və ya 17,14%-i tələb olunanadək əmanətlərin, 6 058,668 mln. manatı və ya 82,86%-i müddətli əmanətlərin payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR