Elmar Məmmədyarov Yaponiya XİN-in xüsusi nümayəndəsini qəbul edib

Elmar Məmmədyarov Yaponiya XİN-in xüsusi nümayəndəsini qəbul edib
# 05 may 2015 12:48 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Yaponiya Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz üzrə xüsusi nümayəndəsi səfir Akira Mutonu qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı E. Məmmədyarov iki ölkə arasında münasibətlərin səviyyəsindən məmnunluğunu bildirərək, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.

O, enerji sektoru ilə yanaşı Azərbaycanın kənd-təsərrüfatı, yüksək texnologiyalar və qeyri-neft sektoru sahələrində Yaponiya ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən E. Məmmədyarov Milli Məclisin sədri Oqtay Əsədovun Yaponiyaya səfərini diqqətə çatdırıb.

A. Muto isə Yaponiyanın Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olduğunu deyərək informasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye, sərmayələrin yatırımı kimi sahələrdə yapon şirkətlərinin Azərbaycana maraq göstərdiklərini vurğulayıb. O, sənayeləşmə və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirlərin təqdirəlayiq olduğunu nəzərə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan A. Muto Yaponiyanın münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirib.

E. Məmmədyarov güc tətbiq edərək dövlətlərin ərazi bütövlüyünün pozulmasının qəbuledilməz olduğunu bildirib. O qeyd edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Görüş əsnasında “GUAM+Yaponiya” formatında əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR