TQDK UNESCO və Brukinqs İnstitutu tərəfindən aparıcı tərəfdaş seçilib

TQDK UNESCO və Brukinqs İnstitutu tərəfindən aparıcı tərəfdaş seçilib
# 22 aprel 2015 12:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) UNESCO-nun Statistika İnstitutu və ABŞ-ın Brukinqs İnstitutunun Ümumi Təhsil Mərkəzi tərəfindən Təhsil göstəriciləri üzrə Hədəf qrupunun aparıcı tərəfdaşı seçilib.

Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, TQDK Təhsil Göstəriciləri üzrə Hədəf Qrupuna postsovet məkanında aparıcı qiymətləndirmə qurumu kimi qəbul olunub.

Bu status əsasında TQDK yaxın gələcəkdə təhsil və qiymətləndirmə sahəsində bir sıra regional layihələrin idarə edilməsində vacib rol oynayacaq. Buraya Mərkəzi Asiya ölkələrində qiymətləndirmə sahəsi üzrə təlim materiallarının hazırlanması, təlimin həyata keçirilməsi, müxtəlif ölkələr üzrə qiymətləndirmə kataloqunun hazırlanmasın və digər məsələlərin TQDK tərəfindən icra olunması daxildir.

Qeyd edək ki, UNESCO-nun Statistika institutu və Brukinq institutunun Ümumi Təhsil Mərkəzi Təhsil göstəriciləri üzrə Hədəf qrupu (Learning Metrics Task Force - LMTF) 2013-cü ildən fəaliyyət göstərir.

Bu layihənin həyata keçirilməsində məqsəd qlobal inkişaf proqramında təhsilin mərkəzi rolunun təmin olunması, bütün dünyada uşaqların və gənclərin təhsil imkanlarının genişləndirilməsi və təhsil nəticələrinin yaxşılaşdırılması üzrə vahid məqsədlərin müəyyənləşdirilməsi ilə bağlı tövsiyələrin hazırlanması üzərində araşdırmalar aparmaqdır.

Təhsil Göstəriciləri üzrə Hədəf Qrupu təhsil və qiymətləndirmə sistemini gücləndirməklə və bu sahədə mövcud perspektivdən istifadə etməklə hər kəs üçün ədalətli təhsilə çatmaq məqsədi ilə hökumətlərin, təşkilatların və şəxslərin kollektiv səylərini əks etdirir.

LMTF-in strukturu katiblik, kiçik məsləhət komitəsi, geniş təşkilatlar qrupu-üzvlər, həmçinin tərəfdaş təşkilatlar tərəfindən çağırılan müxtəlif işçi qruplarından ibarətdir.

LMTF-in üzvü kimi TQDK-nın il ərzində mütəmadi virtual brifinqlərdə və işçi qruplarında birbaşa iştirakı nəzərdə tutulur. Bu tədbirlər zamanı Hədəf Qrupunun üzvləri bir araya gəlib müntəzəm olaraq təcrübə mübadiləsi aparacaq, yenilik və müvəffəqiyyətləri, meydana çıxan problemləri müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR