Məcnun Hacıbəyovun 80 illik yubileyi qeyd edilib

Məcnun Hacıbəyovun 80 illik yubileyi qeyd edilib
# 05 oktyabr 2015 17:36 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Teatr Xadimləri İttifaqı (ATXİ) və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə keçirilib.

Xalq artisti Hacı İsmayılov M. Hacıbəyovun teatr və kinoda yaratdığı obrazlardan danışıb, onu özünəməxsus sənətkar kimi dəyərləndirib. Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov yubiley münasibətilə sənətkarı təbrik edərək, nazirliyin fəxri fərmanını ona təqdim edib.

AXTİ-nin sədri, xalq artisti Azərpaşa Nemətov bildirib ki, M. Hacıbəyov Azərbaycan teatr sənətində öz möhürünü vuran sənətkarlardandır. A. Nemət rəhbərlik etdiyi qurum tərəfindən təsis olunan "Sənətkar" medalını yubilyara təqdim edib. Yubiley mərasimində Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun təbrik məktubu M. Hacıbəyova təqdim olunub və vurğulanıb ki, sənətkar özünə doğma bildiyi milli teatrda bənzərsiz rollar yaradıb.

Tədbirdə sənətkarın oynadığı "Yarımştat", "Göz həkimi", "Atayevlər ailəsi", "Qatarda" və digər televiziya tamaşalarından fraqmentlər nümayiş olunub. Xalq artistləri Fuad Poladov, İlham Namiq Kamal, Ağakişi Kazımov və başqaları M. Hacıbəyovla bağlı xatirələrini bölüşüb, onun yaratdığı obrazlardan danışıblar.

Qeyd edək ki, Məcnun Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonunun ikinci Nügədi kəndində anadan olub. Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Yeni evlənənlər", "Gənclik macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat", "Sabiqlər", "Şirin bülbül", "Sarıköynəklə Valehin nağılı" və digər filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR