Azərbaycan prezidenti SABIS Sun Beynəlxalq məktəb kompleksinin və Qolf klubunun açılışında iştirak edib - VİDEO

Azərbaycan prezidenti SABIS Sun Beynəlxalq məktəb kompleksinin və Qolf klubunun açılışında iştirak edib - <span style="color: red;">VİDEO
# 04 oktyabr 2015 13:49 (UTC +04:00)

APA-nın məlumatına görə, “Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl dövlət başçısına “Xəyal Adası”nda görülən işlərlə bağlı ətraflı məlumat verib.

Prezident İlham Əliyev SABIS Sun Beynəlxalq məktəb kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısına məlumat verilib ki, məktəb kompleksində uşaq bağçası, SABIS Sun Beynəlxalq məktəbi və inzibati bina inşa olunub. İnzibati binanın foyesində ulu öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqəti əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada müəllim kollektivinin fəaliyyəti üçün ən yüksək şərait var. Məktəb kompleksinin növbəti mərhələləri üzrə də inşaat işləri uğurla davam etdirilir. Bu kompleks ən müasir tələblərə cavab verməklə təlim-tədris üçün bütün zəruri avadanlıqla təchiz ediləcək.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin uşaq bağçasında yaradılan şəraitlə də maraqlanıblar. Binanın foyesində ulu öndər Heydər Əliyevin müxtəlif illərdə uşaqlarla bağlı keçirilən tədbirlərdə iştirakını əks etdirən fotostend yaradılıb. Fotostenddə uşaqların həm fiziki, həm də mənəvi cəhətdən sağlam vətəndaş kimi formalaşması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlər və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gələcəyimiz olan körpələrə qayğısını əks etdirən fotolar da yer alıb.

Uşaq bağçasının bütün məşğələ otaqları müasir standartlar səviyyəsində qurulub. Burada uşaqların təlim-tərbiyəsi ilə beynəlxalq təcrübədən istifadə etməklə məşğul olmaq üçün hər cür şərait var. Bu cür uşaq müəssisələrinin yaradılması bir daha sübut edir ki, gələcəyimiz olan körpələrə diqqət və qayğı ən yüksək səviyyədədir. Bu gün dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır.

Uşaq bağçasında üzgüçülük hovuzu və zəruri avadanlıqla təchiz edilən idman zalı da var. Belə idman qurğularının yaradılması göstərir ki, uşaq bağçasında balacaların fiziki cəhətdən sağlam yetişməsi də diqqətdə saxlanılacaq. Yaradılan şərait uşaq bağçasında balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafına, onların istedad və qabiliyyətlərinin üzə çıxarılmasına, sağlamlıqlarının qorunmasına, ünsiyyət qurmaq vərdişlərinə yiyələnməsinə imkan verəcək.

Sonra dövlət başçısı və xanımı SABIS Sun Beynəlxalq məktəbində yaradılan şəraitlə tanış olublar. Bu təhsil ocağı bütün siniflər üzrə təlim-tərbiyə işinin müasir standartlar səviyyəsində qurulması baxımından hər cür şəraitə malikdir. Otaqların hamısı zəruri avadanlıq və dərs vəsaitləri ilə təchiz edilib. Dördmərtəbəli məktəbdə təhsil sahəsində keyfiyyəti ilə fərqlənən “SABIS” sistemi tətbiq olunur. Bu təhsil sistemi fəaliyyət göstərdiyi dövrdə təkmilləşdirilmiş əhatəli tədris proqramı ilə seçilir. Dünyanın 16 ölkəsində 60 məktəbi fəaliyyət göstərən “SABIS” sistemi üzrə 65 min şagird təhsil alır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda təhsil sahəsində əldə olunan inkişaf beynəlxalq təcrübəni də özündə ehtiva edir. Bu prinsip maddi-texniki bazanın möhkəmləndirilməsinə də geniş yer verir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət, ölkəmizdə təhsillə bağlı qəbul edilən proqramlar bu sahənin yeni və keyfiyyətcə daha üstün mərhələyə qədəm qoymasına şərait yaradır.

Dövlət başçısı təhsil kompleksinin müəllim və şagirdləri üçün nəzərdə tutulan xüsusi nəqliyyat vasitələrinə də baxıb.

Sonra dövlət başçısı və xanımı “Xəyal Adası”nın Qolf klubuna gəliblər. Binada idman avadanlığı mağazası var. Mağazada qolf oyunu zamanı istifadə olunan idman malları müştərilərə təqdim edilir.

Qolf klubunun binasında prezident İlham Əliyev bu idman növündə oynamağa gələn xarici ölkələrin nümayəndələri ilə görüşüb. Qonaqlar Qolf klubunda yaradılan şəraitdən razılıqlarını bildiriblər. Qeyd edilib ki, dünyanın bir çox yerindən iş adamları, müxtəlif peşə sahibləri ailələri ilə birlikdə Bakıya gəlir, burada həm qolf oynayır, həm istirahət edir, həm də vaxtlarını səmərəli keçirirlər. Qonaqlar qeyd ediblər ki, ölkəmizdə yaradılan idman infrastrukturu müasirliyi ilə seçilir.

Daha sonra prezident İlham Əliyev Qolf klubunun dünyanın müxtəlif ölkələrindən olan üzvləri ilə və Qolf Akademiyasında təhsil alanlarla görüşüb. Onlar da burada qolf oynamaq üçün hərtərəfli şəraitin yaradıldığını deyiblər.

Dövlət başçısı və qolf üzrə üç dəfə Major kubokun sahibi Kolin Montqomerie qolf meydançasının rəmzi açılışını bildirən lenti kəsiblər.

Kolin Montqomerie bildirib ki, burada yaradılan qolf sahəsi müasir dünya standartlarına cavab verir. Peşəkar Qolf Assosiasiyasının standartlarına tam uyğun olan və beynəlxalq təcrübə nəzərə alınaraq yaradılan qolf sahəsində 18 çuxur var. Ərazisi 65 hektar olan qolf sahəsindəki şərait beynəlxalq səviyyəli yarışların təşkilinə imkan verir. Burada yaradılan Qolf Akademiyasında kiçik yaşlarından başlayaraq uşaqlara peşəkarlar tərəfindən qolf öyrədiləcək, müxtəlif treninqlər keçiriləcək. Qolf Akademiyası gələcəkdə ölkəmizin adını bütün dünyada ləyaqətlə təmsil edəcək idmançıların yetişdirilməsində mühüm rol oynayacaq.

Sonra Kolin Montqomerie Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.

Prezident İlham Əliyev layihə çərçivəsində inşa edilən villada yaradılan şəraitlə də maraqlanıb.

Dövlət başçısı tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR