Bolqarıstanın vitse-prezidenti: “Bizi narahat edən məsələlər barədə açıq danışmalıyıq”

Bolqarıstanın vitse-prezidenti: “Bizi narahat edən məsələlər barədə açıq danışmalıyıq”
# 18 may 2015 09:37 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq: Müasir dövrdə yumşaq güc və müxtəlifliyin müsbət cəhətlərinə töhfələr” panelində çıxışı zamanı Bolqarıstanın vitse-prezidenti Marqarita Popova söyləyib.

M. Popova deyib ki, təhlükəli tendensiyalara qarşı birgə mövqedən çıxış etmək üçün hər zaman diqqətli olmaq lazımdır: “Təhlükəsizliyin olmaması ölkələrin dinamik inkişafına ciddi təsir göstərir. Biz müxtəlif dinlərə və mədəniyyətlərə malik olan ölkələr arasında həmrəyliyi təmin etməliyik. Kəskin natarazlıq olan cəmiyyətdə anlaşma ola bilməz. Ona görə də cəmiyyət daxilində layiqli həyat tərzinin təmin edilməsi vacibdir. Biz birlikdə reallıqları düzgün təhlil etməliyik”.

M. Popova bildirib ki, sülhə nail olmaq üçün birgə işləmək lazımdır: “Demaqogiyadan uzaq olmalı, insanlara mərhəmətlə yanaşmalıyıq. Biz kamil insan cəmiyyətinin qurulması üçün əməkdaşlıq etməliyik, həmrəy olmalıyıq. Qarşılıqlı hörmət uğura aparan yoldur. Ətrafımızda olan insanlara yardım etməliyik. 2008-ci ildə yaradılan Bakı prosesindən ötən dövrdə narahatlıq doğuran hallar baş verib. Biz bunlardan danışmalı, sülhün təmin olunması üçün əlimizdən gələni etməliyik. Mən Bolqarıstanın vitse-prezidenti kimi hesab edirəm ki, bizi narahat edən məsələlər, sosial sistemdə mövcud olan ədalətsizlik barədə açıq danışmalıyıq. Tarixdən götürdüyümüz dərslərdən nəticə çıxararaq düzgün seçim etməliyik. Bunu vaxtında etməsək, böyük problemlərlə üzləşə bilərik. Bizim bügünkü mesajımız sülh və insan ləyaqətinin qorunması mesajıdır”.

Bolqarıstanın vitse-prezidenti vurğulayıb ki, etika sayəsində müxtəlif din və etnik qruplar arasında yaxşı münasibətlər qurula bilər: “Etika insanlar arasında fərqlərin aradan qaldırılmasına xidmət edir. Mədəniyyətlərarası dialoq bir fenomendir. Prezident İlham Əliyev də qeyd etdi ki, universal dəyərlər mədəniyyətlərarası dialoqda da tətbiq olunmalıdır. Bu gün dünyada bir çox toqquşmalar və qarşıdurmalar var. Biz yeni yanaşmaya ehtiyac duyuruq. Biz hamımız irəliyə doğru getməli, insani dəyərlərin təmin olunmasına çalışmalıyıq. Mədəniyyətlər arasında körpü salmalıyıq. Fərqli dünyanın qurulması mümkündür, bu səbəbdən buraya toplaşmışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR