FHN zəlzələdən ziyan çəkənlərə qarşı törədilən dələduzluq faktları ilə bağlı əhaliyə müraciət edib

FHN zəlzələdən ziyan çəkənlərə qarşı törədilən dələduzluq faktları ilə bağlı əhaliyə müraciət edib
# 13 noyabr 2014 12:27 (UTC +04:00)

"Bütün hallar üzrə istintaq aparılmaqla müvafiq tədbirlər davam etdirilir"

Bakı. Hafiz Heydərov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, müraciətdə 2012-ci il may ayının 7-də respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəydiyi xatırlanıb. Qeyd olunub ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu təbii fəlakətin nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün genişmiqyaslı işlərə başlayıb. Dövlət başçısının tapşırığına əsasən, zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən dəymiş ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə əlaqədar komissiyalar yaradıldı və müvafiq tədbirlər həyata keçirilib.

Qısa vaxt ərzində dağılmış infrastrukturun bərpası, insanların yeni, daha müasir və vaxtilə yaşadıqları evlərdən daha geniş və rahat şəraitə malik evlərə köçürülməsi və görülən digər təxirəsalınmaz işlərin dövlət vəsaiti hesabına aparılması ölkə rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarına olan diqqət və qayğısının daha bir bariz nümunəsi oldu. Komissiyalar tərəfindən tərtib olunmuş baxış aktlarına əsasən müəyyən olunmuş 5281 qəzalı evdən ötən müddətdə rayonlar üzrə, Zaqatalada 4006, Qaxda 521, Balakəndə 736 olmaqla ümumilikdə 5263 fərdi yaşayış evinin, sosial obyektlər üzrə 10300 şagird yerlik 37 məktəb binasının inşası başa çatdırılıb. Həmçinin, 135 yerlik 2 uşaq bağçası tikilərək istifadəyə verildi. 18 fərdi yaşayış evinin tikintisi isə hazırda davam etdirilir. Bu müddətdə zəlzələdən ziyan çəkmiş 7478 ailəyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq 36 milyon 916 min 56 manat yardım ödənilib: “Zəlzələ bölgəsində yaşayan vətəndaşlarımıza dövlət səviyyəsində göstərilən diqqət və qayğı hazırda da davam etdirilir. Lakin əfsuslar olsun ki, insanların belə ağır vəziyyətində öz şəxsi maraqları naminə vətəndaşları aldatmaqla dövlətimiz tərəfindən görülən bütün bu işlərə kölgə salmaq istəyənlər də az olmadı. Belə ki, zəlzələ baş verən ərazilərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən təbii fəlakətin fəsadlarının qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması ilə məşğul olan Fövqəladə Hallar Nazirliyinin adından istifadə edən bəzi “işbazlar” zərərçəkmişləri aldadaraq, onların vəsaitlərini mənimsəməklə məşğul olurlar. Özlərini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kimi təqdim edən dələduzlar zəlzələ bölgəsində dəymiş ziyanı araşdıran və zərərçəkmişlərə yardım göstərən komissiyanın verdiyi qərarlara dəyişiklik etmək iqtidarında olduqlarını iddia edərək, zəlzələ zamanı evlərinə zərər dəymiş sakinləri aldadır, xüsusilə zəlzələdən zərər çəkmiş və yalnız təmirə və ya gücləndirməyə ehtiyacı olan evlərin sahiblərinin külli miqdarda vəsaitlərini mənimsəyərək, onlara yeni evlərin tikiləcəyini və bunun müqabilində muəyyən miqdar “haqq” ödəmələrini iddia edirdilər. Lakin dələduzların verdikləri vədlərin yerinə yetirilmədiyini və aylarla süründürüldüklərini görən zərərçəkmişlər aldadıldıqlarını anlayarq bu barədə Fövqəladə Hallar Nazirliyinə müraciətlər edərək, müvafiq tədbirlərin görülməsi və mənimsənilmiş vəsaitlərinin geri qaytarılması üçün köməklik göstərilməsini xahiş ediblər”.

Daxil olan çoxsaylı şikayətlərin operativ şəkildə və yerindəcə araşdırılması məqsədilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun göstərişi ilə nazirliyin Daxili təhlükəsizlik Baş idarəsinin əməkdaşları hər bir şikayətçinin müraciətinin fərdi şəkildə araşdırılması üçün zəlzələ bölgəsinə ezam olunublar. Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ zamanı ziyan çəkmiş evlərin əvəzinə yeni evlərin tikilməsinə köməklik göstərmək adı ilə yerli sakinlərdən pul tələb etmələri və ya almaları barədə bir qrup şəxsin, o cümlədən bəzi yerli kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrlərinin qanunsuz hərəkətləri barədə Fövqəladə Hallar Nazirliyinə daxil olmuş 55 vətəndaşın müraciəti üzrə nazirliyin Daxili təhlükəsizlik Baş idarəsində araşdırma aparılıb, onlardan 30 müraciətlə əlaqədar toplanmış materiallar Azərbaycan Baş Prokurorluğuna, 1 material isə daxili işlər orqanlarına göndərilib. Baş prokuror Zakir Qaralov tərəfindən həmin materiallar xüsusi nəzarətə götürülməklə Cinayət Məcəlləsinin 178-ci və sair maddələri ilə 8 cinayət işi başlanıb, bir neçə material eyni xüsusatlarla bağlı olduğundan başlanmış cinayət işlərinə əlavə edilib, digər materiallar üzrə araşdırmalar davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin Daxili təhlükəsizlik Baş idarəsinin və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri zamanı “Merac Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətin İdarə heyətinin sədri Əliyev Səbuhi Bayram oğlunun öz qulluq mövqeyindən sui-istifadə etdiyi aşkara çıxarılıb. Belə ki, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü vətəndaşlara türk iş adamı “Əmrə Ünlü”, “Səbuhi Əmrə” kimi təqdim edən Səbuhi Əliyev həmin şəxslərdə özünə inam yaradaraq guya Fövqəladə Hallar Nazirliyi tərəfindən zəlzələ nəticəsində Zaqatala və Balakən rayonlarında zərər dəymiş fərdi yaşayış evlərinin tikintisinin “Merac Holdinq” MMC-yə həvalə edilməsi barədə saxta əmrləri nümayiş etdirməklə həmin evlərin tikinti işlərinə fiziki və hüquqi şəxsləri subpodratçı kimi cəlb edəcəyini vəd etməklə onlardan külli miqdarda pul alıb.

Səbuhi Əliyev Zaqatala rayonu ərazisində inşa ediləcək 204 evin tikintisinin “Bakıenerjitikinti” ASC-yə həvalə olunacağını yalandan əsaslandırmaqla bunun müqabilində hər ev üçün 120 manat olmaqla, cəmi 24480 manat istəyib, 23 may 2014-cü il tarixində özünün xidməti otağında 20 000 manat pulu “Bakıenerjitikinti” ASC-nin nümayəndəsindən alarkən əməliyyat qrupu tərəfindən cinayət başında yaxalanıb. Faktla bağlı Əliyev Səbuhi Bayram oğlu barəsində 23 may 2014-cü il tarixində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (dələduzluq) cinayət işi başlanmış, Səbuhi Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd olunan maddə ilə ittiham elan edilmiş və barəsində Binəqədi Rayon Məhkəməsinin 24 may 2014-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, müraciətdə 2012-ci il may ayının 7-də respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəydiyi xatırlanıb. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin Daxili təhlükəsizlik Baş idarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən aparılmış araşdırma zamanı müəyyən edilib ki, özünü Fövqəladə Hallar Nazirliyinin komissiyasının üzvü kimi təqdim etmiş Abdullayev İlkin Ələddin oğlu respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələdən zərər çəkmiş fərdi yaşayış evlərinin yenidən tikilməsinə köməklik göstərmək adı ilə vətəndaşları aldadaraq onlardan külli miqdarda pul alıb. Toplanmış material Baş Prokurorluğa göndərilib, material üzrə 27 iyun 2014-cü il tarixində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb və hazırda işin bütün halları üzrə istintaq aparılmaqla müvafiq tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq və digər hüquq-mühafizə orqanları ilə birgə bu cür faktlarla bağlı hər zaman ciddi mübarizə aparır və ölkə vətəndaşlarını belə “işbazların” yalan vədlərinə aldanmamağa çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR