Daha bir yerli televiziya kanalı “Azerspace-1” vasitəsilə yayıma başlayır

Daha bir yerli televiziya kanalı “Azerspace-1” vasitəsilə yayıma başlayır
# 05 dekabr 2014 11:49 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC və “Xəzər TV” MMC hazırda 11169/H/20400 tezliyi ilə Azerspace-1 peyki üzərindən SD (standard definition) keyfiyyətində yayımlanan Xəzər TV-nin 2015-ci ildən etibarən HD (high definition) keyfiyyətində yayımına dair Anlaşma Memorandumu imzalayıblar.

“Azerkosmos”dan “APA-Economics”ə verilən məlumata görə, memorandum “Bakutel 2014” Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində imzalanıb. Memoranduma əsasən, kanal 2015-ci ildə öz infrastrukturunu ən müasir texnologiyaya uyğun olan, habelə HD keyfiyyətində yayımı mümkün edən vəziyyətə gətirəcək, televiziya məhsullarını HD keyfiyyətində istehsal edəcək və Azərbaycan kanalları arasında HD keyfiyyətdə yayımlanacaq ilk telekanal olacaq.

Qeyd edək ki, HD formatda olan təsvirdə SD formatla müqayisədə ortalama iki dəfə daha çox piksel (təsviri formalaşdıran element) olur. Təsvir nə qədər çox pikseldən ibarətdirsə, onun keyfiyyəti də bir o qədər yüksəkdir. Nəticə etibarilə HD formatda olan görüntü daha dolğun olur və öz növbəsində tamaşaçıya daha yüksək keyfiyyətli görüntü izləmək imkanı verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR