Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü «Neonasizm təzahürünə müqavimət» adlı hesabatla bağlı müzakirələrdə çıxış edib

 Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü «Neonasizm təzahürünə müqavimət» adlı hesabatla bağlı müzakirələrdə çıxış edib
# 30 sentyabr 2014 14:58 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında «Neonasizm təzahürünə müqavimət» adlı hesabatla bağlı müzakirələr keçirilib.

APA – nın Avropa bürosunun verdiyi məlumata görə, müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova da çıxış edib.

Neonasizm Avropada geniş vüsət aldığını deyən S. Qafarova əsas xüsusiyyətləri təcavüzkar milliyyətçilik və irqçilik olan bu təzahürün beynəlxalq hüquq normaları və prinsiplərinin pozulmasına gətirib çıxardığını bildirib.

“Nəticədə bəşəriyyət dağıdıcı müharibələr, təcavüzkarlıq və etnik təmizləmələrdən əziyyət çəkir. Bu cür etnik təmizləmələrdən biri Ermənistan tərəfindən 1 milyon azərbaycanlıya qarşı həyata keçirilib. 20 ildən çoxdur ki, bu ölkə Azərbaycan ərazisinin 20 faizini zəbt etməklə, onun ərazi bütövlüyünə qəsd edib. Sözügedən siyasət nəticəsində indiki Ermənistan və işğal olunmuş Azərbaycan ərazilərində bir nəfər də olsun azərbaycanlı yaşamır”, - deyə o vurğulayıb.

XXI əsrdə Ermənistanın monoetnik ölkə olaraq qaldığını deyən S. Qafarova neonasizmə əks qüvvə olaraq tolerantlıq və multikulturalizmin çıxış etdiyinə inandığını bildirib: “Mən hər sessiyadan sessiyaya burada Azərbaycan xalqı barədə yanlış məlumatlar səsləndirən xanım Zöhrabyana cavab vermək istəyirəm. Fəxrlə söyləyə bilərəm ki, bu iki dəyər əsrlərlə Azərbaycanda mövcud olub. Ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələri dinc yaşamaqdadırlar. Bu gün Azərbaycanın ruslar, ukraynalılar, gürcülər və ermənilərdən ibarət olan xristian icması yerli müsəlman icması ilə bərabər hüquqlardan yararlanır. Bir neçə ay öncə ölkə prezidentinin fərmanı ilə Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm mərkəzi təsis edilib. Bu addım multikulturalizm sahəsində ölkədə əsrlərdən bəri toplanmış böyük tarixi təcrübəyə qayğı zərurətindən qaynaqlanır. Bir neçə gün sonra Bakı IV humanitar foruma ev sahibliyi edəcək və multikulturalizm tədbirin əsas müzakirə obyektlərindən olacaq. Sonda demək istəyirəm ki, müasir dünyada tolerantlıq və multikulturalizmə praktiki olaraq heç bir alternativ yoxdur. İnanıram ki, hamımızın ümumi məkanı olan Avropada bunu gerçəkləşdirə bilərik».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR