Azərbaycan ali təhsillə bağlı beynəlxalq təşkilata üzv seçilib

Azərbaycan ali təhsillə bağlı beynəlxalq təşkilata üzv seçilib
# 29 mart 2015 12:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Latviyanın paytaxtı Riqada Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avropa Reyestri (EQAR) təşkilatının Baş Assambleyasının iclası keçirilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, iclasda Azərbaycanın bu beynəlxalq təşkilata üzvlük məsələsi müzakirə olunub. Avropa Şurasının, Avropa Komissiyasının və Bolonya prosesinə üzv ölkələrin nümayəndələrinin də iştirak etdiyi səsvermədə Azərbaycan yekdilliklə EQAR-a üzv seçilib.

EQAR-ın Baş Assambleyasının iclasında ölkəmizi Təhsil Nazirliyi Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin Lisenziyalaşdırma və akkreditasiya sektorunun baş məsləhətçisi Əfqan Abdullayev təmsil edib. Ə.Abdullayev Baş Assambleyadakı çıxışında son illərdə Azərbaycanda təhsil sahəsində görülən işlər barədə geniş məlumat verib.

EQAR-ın prezidenti Andreas Orfanides Azərbaycanın sürətli inkişafından, təhsil sahəsində aparılan islahatlardan danışıb. O, I Avropa Oyunları barədə də danışaraq, bu yarışın Bakıda keçirilməsinin Azərbaycanın artan nüfuzunun göstəricisi olduğunu deyib. Sonra Azərbaycan haqqında 5 dəqiqəlik video-təqdimat nümayış etdirilib.

Qeyd edək ki, EQAR Bolonya prosesinə üzvü ölkələrin mandatı ilə Ali təhsildə keyfiyyətin təminatı üzrə Avropa Assosiasiyasının (ENQA), Avropa Universitetlər Assosiasiyasının (EUA), Ali təhsil müəssisələrinin Avropa Assosiasiyasının (EURASHE) və Avropa Tələbələr Birliyinin (ESU) təşəbbüsü əsasında ali təhsildə keyfiyyətə nəzarət üçün yaradılmış ilk rəsmi qurumdur. Ümumilikdə 36 ölkə EQAR-ın üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR