Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin birgə təşkilatçılığı ilə Neftçala rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forumda 110-a yaxın sahibkarın iştirak edib.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu il ərzində 4 543 sahibkara 197,3 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
Qeyd edilib ki, Neftçala Sənaye Məhəlləsində investisiya layihələrinin həyata keçirilməsi üçün güzəştli kreditlər verilə bilər. Ümumilikdə, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, son illər 132 müasir sənaye müəssisəsinin maliyyələşdirilməsinə 409 milyon manatdan çox güzəştli kredit verilib. Bu müəssisələrdən 115-i istifadəyə verilib, 17-i üzrə işlər davam etdirilir. Güzəştli qaydada maliyyələşdirilmiş müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.
"Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Rövşən Nəcəf Neftçala Sənaye Məhəlləsində sahibkarlara təklif olunacaq ümumi xidmətlər, yaradılacaq infrastruktur, istehsal sahələri barədə tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin məşğulluğunun artırılması məqsədi ilə Azərbaycan Prezidentinin 2 fevral 2015-ci il tarixli Sərəncamına uyğun olaraq, Neftçala rayonunda Sənaye Məhəlləsinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə, Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən 10 ha torpaq sahəsi ayrılıb. Təsdiq olunmuş layihəyə əsasən, ərazidə hər biri 2 moduldan ibarət olan və ümumi sahəsi 15 min kvadratmetrə yaxın olan 8 istehsal bloku, inzibati bina və bütün zəruri infrastruktur yaradılaraq sahibkarların istifadəsinə veriləcək.
Bundan başqa, inzibati binada sahibkarların fəaliyyətinin səmərəli təşkili üçün hüquqi, bank, sığorta, ümumi mühasibatlıq, eləcə də təlimlərim keçirilməsi təklif olunacaq. Hazırda Sənaye Məhəlləsinin fəaliyyəti üçün inzibati bina, ümumi sahəsi 8 min kvadratmetrə yaxın olan 4 ədəd istehsal bloku və zəruri infrastrukturun tikintisi davam etdirilir. Eyni zamanda, Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün sahibkarlarla danışıqlar aparılmış və tikinti işləri başa çatdıqdan sonra ilk mərhələdə balıq yemi, balıq konservi, qayıq və balıqçılıq ləvazimatları, nasos, suvarma sistemləri avadanlıqları, metal konstruksiya, plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur.
İşgüzar forumda Aran iqtisadi rayonunda fəaliyyət göstərən 68 sahibkara 12.6 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, cins heyvandarlıq, müasir istixana komplekslərinin yaradılması, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək.
Tədbir zamanı balıq yemi, nasos və avtoqoşqu istehsalı üzrə fəaliyyət göstərən iki sahibkarlıq subyektinə Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən qeydiyyat şəhadətnaməsi təqdim edilib.