ANAMA dörd ədəd partlamamış hərbi sursat aşkarlayıb

ANAMA dörd ədəd partlamamış hərbi sursat aşkarlayıb
# 10 iyun 2016 21:27 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iyunun 10-da Agentlik tərəfindən Füzuli, Astara və Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər rayonunun Şıxarx kəndində əkin sahəsində 1 ədəd partlamamış hərbi sursat (122-mm top mərmisi) aşkar edilərək götürülüb,ərazidə əməliyyatlar növbəti gün davam etdiriləcək.

Füzuli rayonunun Horadiz şəhərində 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 120 mm-lik minaatan mərmi və 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar edilərək götürülüb.

Astara rayonunun Ərçivan kəndində isə 1 ev və həyətyanı sahədə 1 ədəd partlamamış hərbi sursat (122 mm top mərmisi) aşkar edilib. Mərminin üzərində döyüş başlığı olduğu üçün növbəti gün yerində zərərsizləşdiriləcək.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 10 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 592 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 517 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR