Dövlət Komitəsi: Məcburi köçkün ailələri üçün rayonlarda yeni yaşayış komplekslərinin tikintisi başa çatır

Dövlət Komitəsi: Məcburi köçkün ailələri üçün rayonlarda yeni yaşayış komplekslərinin tikintisi başa çatır
# 13 noyabr 2015 14:05 (UTC +04:00)

Bakı-APA. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tikinti işlərinin başa çatması ilə bağlı real vəziyyəti öyrənmək məqsədilə noyabrın 12-13-də Qazax və Zaqatala rayonlarında məcburi köçkünlər üçün yeni salınan yaşayış komplekslərində olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Həsənov Qazaxda tikinti şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə yeni salınan məhəllədə tikinti işlərinin başa çatması ilə bağlı müzakirələr aparıb.

Müşavirədə bildirilib ki, Qazax rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə şəhərciyin salınması işləri başa çatmaq üzrədir. Layihəyə uyğun olaraq ərazidə 10 ədəd 4 mərtəbəli , 300 mənzilli binalar tikilib. Ərazidə 220 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün də binalar tikilib. Sonra Ə. Həsənov Zaqatala rayonuna gəlib və həmin rayon ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 135 ailəlik bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə inşası aparılan 3 ədəd 5 mərtəbəli binalardan ibarət yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə də maraqlanıb. Zaqatala rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə yaşayış kompleksinin tikintisi də başa çatmaq üzrədir.

Dövlət Komitəsinin sədri hər iki rayonun ərazisində aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin arzu və təkliflərini dinləyib və onlara öz tövsiyələrini verib, tikinti şirkətlərinin rəhbərlərinə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib və işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib.

Qeyd edək ki, Sabirabad rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə qəsəbənin tikinti işləri də başa çatmaq üzrədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR