DSMF yenilənmiş Çağrı Mərkəzini istifadəyə verib - FOTO

DSMF yenilənmiş Çağrı Mərkəzini istifadəyə verib - <span style="color: red;">FOTO
# 14 aprel 2015 11:43 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun müasir standartlara uyğun yenidən təşkil olunmuş “190 - Çağrı Mərkəzi Sistemi” istifadəyə verilib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, yenilənmiş Çağrı Mərkəzinin açılışında çıxış edən DSMF-nin sədri Elman Mehdiyev ötən dövrdə sığorta-pensiya sistemində qabaqcıl dünya təcrübəsinə uyğun avtomatlaşdırılmış infrastruktur və texnoloji baza qurulduğunu, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində bütün mövcud proseslərin elektronlaşdırılmasının təmin edildiyini bildirib.

Məlumat verilib ki, fondun müasir əsaslarla təşkil edilmiş fəaliyyət istiqamətlərinin mühüm komponenti olan vətəndaşların müraciətlərinə elektron qaydada baxılması prosesi üç istiqamət üzrə həyata keçirilir ki, bunlardan biri də “190 - Çağrı Mərkəzi Sistemi” vasitəsi ilə aparılır.

Çoxkanallı avadanlıqlarla təchiz olunmuş Çağrı Mərkəzi Sistemi ilə ölkə ərazisində bütün sabit və mobil telekommunikasiya şəbəkələrindən birbaşa əlaqə saxlamaq mümkündür. Mərkəz zəruri işçi qüvvəsi, avadanlıq, proqram təminatı, texniki və metodiki vasitələrlə təmin edilib. Çağrı Mərkəzinin əməkdaşları üçün Fondun fəaliyyət istiqamətləri, qanunvericilik, proseduralar, elektron xidmətlər, proqram-texniki sistemlər, eləcə də çağrı mərkəzi əməkdaşlarının davranış və kommunikasiya sahələri üzrə təlimlər keçirilib.

Çağrı sistemində aşağıda qeyd olunan istiqamətlər üzrə müraciətlərin cavablandırılması həyata keçirilir: pensiyaların avtomatlaşdırılmış təyinatı; məcburi dövlət sosial sığortası; əmək pensiyaları; fərdi uçot; elektron xidmətlər. Çağrı sistemi qeyri-iş günləri və saatlarında avtomatik rejimdə, digər vaxtlarda isə operatorlar tərəfindən cavablandırılan canlı rejimdə fəaliyyət göstərir.

Qeyd olunanlardan əlavə, "Sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidmətinin (Çağrı Mərkəzi) yaradılması haqqında" sərəncamın icrasının təmin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Çağrı Mərkəzi universal telefon məlumat xidmətinə inteqrasiya olunub və hazırda bu məlumat xidməti üzərindən zəng vuran sahibkarlara məcburi dövlət sosial sığortası və elektron xidmət bölmələri üzrə telefon məlumat xidməti göstərilməsi həyata keçirilir.

Fondun Çağrı mərkəzi vasitəsilə 2013-cü ildən Fondun tətbiq etdiyi avtomatlaşdırılmış pensiya təyinatı sayəsində pensiya yaşına çatmış vətəndaşa 190-a zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt çərçivəsində pensiya təyin edilməsi həyata keçirilir. Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını alacağı bank şöbəsinin ünvanı haqqında məlumatı dərhal əldə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR