Saatlıda “Muğan-Meliorasiya Təcrübə Stansiyasının” 100 illiyi qeyd edilib

Saatlıda “Muğan-Meliorasiya Təcrübə Stansiyasının”  100 illiyi qeyd edilib
# 20 dekabr 2014 14:10 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı-APA. Saatlı rayonunda “Muğan-Meliorasiya Təcrübə Stansiyasının” yaranmasının 100 illiyi qeyd edilib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Saatlı rayonunun Cəfərxan qəsəbəsində yerləşən elmi-tədqiqat “Muğan-Meliorasiya Təcrübə Stansiyasının” yaranmasının 100 illiyi münasibəti ilə keçirilən elmi-praktik konfransda “Meliorasiya və su təsərrüfatı” Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, səhmdar cəmiyyətin, Memarlıq və İnşaat Universitetinin və elmi-tədqiqat institutların professor və elmi işçiləri iştirak edib.

Çıxış edənlər təcrübə stansiyasının əhəmiyyətindən danışaraq qeyd ediblər ki, təcrübə stansiyası respublikada suvarılan torpaqlarda geniş elmi-tədqiqat işləri aparmaq üçün yaradılmış ilk elmi müəssisədir.

Burada meliorativ praktikada ilk dəfə olaraq şorlaşmış torpaqların meliorasiyası üçün örtülü drenaj tikilib və açıq drenlərlə müqayisədə tədqiq olunub, duzların zərərlilik dərəcəsinə görə şorlaşmış torpaqların təsnifatı tərtib edilib, şorlaşmış torpaqların yuyulmasında müxtəlif yuma üsulları və yuma texnologiyaları sınaqdan çıxarılıb.

Təcrübə stansiyasının tarixi barədə danışanlar bildiriblər ki, hələ çar Rusiyasının dövründə (1870-ci ildə Budapeşt Bankının vəsaiti hesabına) Cəfərxan kəndində böyük meliorasiya işləri aparılıb. Muğan düzündə torpaqların təkrar şorlaşmasına qarşı mübarizə tədbirlərinin işlənilməsi məqsədi ilə 1904-cü ildə buraya gəlmiş torpaqşünas alimlərdən ibarət ekspedisiyanın topladığı məlumatlar əsasında 1914-cü ildə çar Rusiyasında ilk elmi stansiya - Cəfərxan Şorlaşma Stansiyası (sonralar Muğan Meliorativ-Təcrübə Stansiyası adlanmışdır) Azərbaycanda yaradılıb.

1927-1928-ci illərdə Muğan təcrübə stansiyasında təcrübə drenajının layihəsi tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR