Türkiyəli ekspert: “Parisdəki terrorun G-20 zirvə toplantısı ərəfəsində həyata keçirilməsi iki mesaj daşıyır”

Türkiyəli ekspert: “Parisdəki terrorun G-20 zirvə toplantısı ərəfəsində həyata keçirilməsi iki mesaj daşıyır”
# 14 noyabr 2015 11:37 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. “İŞİD mövqeyini itirdikcə daha radikal terror aksiyalarına girişəcək”.


Bu sözləri APA-ya açıqlamasında Türkiyənin terror üzrə tanınmış eksperti, “Aydınlık” qəzetinin köşə yazarı Mehmet Faraç deyib.

Noyabrın 13-də Fransanın paytaxtı Parisdə baş vermiş silsilə terror hadisələrini şərh edən M. Faraç deyib ki, bu hadisəni gözləyirdi: “Ancaq İŞİD-in bu qədər sərt şəkildə bir aksiya keçirəcəyini düşünməmişdim. Terrorun hədəfi kimi Fransanın seçilməsinin iki əsas səbəbi var; birincisi, Fransada ərəb ölkələrindən gəlib potensial terrorçu təhlükəsi daşıyan xeyli insan yaşayır. İkincisi isə İŞİD-ə qarşı hava və quru hərəkatında koalisiya qüvvələri arasında Fransa daha çox fəallıq göstərir. Dünənki hadisəni Fransanın 11 sentyabrı adlandırırlar, ancaq unutmasınlar ki, ondan daha dəhşətli hadisələr ABŞ-da və başqa ölkələrdə yaşana bilər. Üsamə bin Ladenin öldürülməsindən sonra “Əl-Qaidə”nin yerini önəmli dərəcədə tutan İŞİD dünya ölkələrinə yayılıb və Orta Şərqdə mövqeyini itirdikcə başqa ölkələrdə qanlı terror aksiyaları keçirməkdə tərəddüd etmir”.

Ekspertin fikrincə, Parisdəki hadisənin Türkiyədəki G-20 zirvə toplantısı ərəfəsində həyata keçirilməsi iki mesaj daşıyır: “Birincisi, Türkiyə Suriya ilə sərhəddə “təhlükəsiz bölgə” qurulmasını tələb edir, İŞİD isə buna qarşı çıxaraq Suriya prezidenti Əsədlə hesablaşmasına başqa qüvvələrin qarışmasını istəmir. İkincisi, Suriya və İraq torpaqlarında dövlət elan etməsinə baxmayaraq, oradakı mövqeyində zəifləmə hiss edən İŞİD terrorçuluğu dünya miqyasına yaymağa çalışır. Terrora qarşı mübarizə edən ölkələrin bunu düzgün oxumaları və İŞİD-ə qarşı mübarizədə daha təsirli yollar seçmələri lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR