Multikulturalizm mərkəzində Türkiyə Yəhudiləri İcmasının nümayəndələri ilə görüş keçirilib

Multikulturalizm mərkəzində Türkiyə Yəhudiləri İcmasının nümayəndələri ilə görüş keçirilib
# 27 aprel 2015 13:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı Beynəlxalq Multikulturalizm mərkəzində Türkiyə Yəhudiləri İcmasının rəhbərləri və nümayəndələri ilə görüş keçirilib.

Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov, Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, mərkəzin müşaviri Aynur Bəşirli, Türkiyə Yəhudi İcması Haham başı müşaviri Ceki Kazmir, İzmir Yəhudi İcması Yəhudi Təşkilatının sədri Rafael Qranati, İstanbul Asiya tərəfinin Yəhudi İcmasının rəhbəri Eli Arditi və İzmir Yəhudi İcmasının rəhbəri Şami Azar iştirak edib.

Professor Etibar Nəcəfov Azərbaycanda olan multikultural mühitdən danışıb və multikulturalizmin dövlət siyasəti və həyat tərzi olduğunu bildirib.

Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov və müşaviri Aynur Bəşirli qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması, fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici universitetlərdə tədrisi haqqında da danışılıb.

Görüş zamanı qeyd olunub ki, İsraildən sonra yalnız Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsində yahudilər kompakt şəkildə yaşayırlar.

Türkiyə Yəhudi İcmasının Haham baş müşaviri Ceki Kazmir Azərbaycanda multikultural mühitin çox yüksək səviyyədə olduğunu, Azərbaycanda multikulturalizm siyasətinin uğurla aparıldığını qeyd edib. Görüşdə İsrailin Təl-Əviv və Akko şəhərlərində Multikulturalizm Mərkəzi ilə birgə həyata keçirməyi planlaşdırılan layihələr və tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar Multikulturalizm Mərkəzinin strukturu və kollektivi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR