Mehman Səlimovun məhkəməsi davam etdirilib

Mehman Səlimovun məhkəməsi davam etdirilib
# 30 oktyabr 2015 09:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin həbsdə olan sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Müdafiə Nazirliyinin layihə-smeta bölməsinin rəhbəri Nəriman Niftəliyev ifadə verib.

O ifadəsində bildirib ki, M. Səlimovla şəxsi tanışlığı olmayıb: “2008-ci ildən "STŞ" MMC rəhbəri Mehman Səlimov məndən planlaşdırılmış tikinti obyektlərinin layihələndirilməsinə köməklik göstərməyimi istəmişdi. O zaman həmin tikinti işləri nazirliyin sifarişi ilə həyata keçirilirdi” .

Sonra M. Səlimov çıxış edərək bildirib ki, layihə-smeta işləri üçün 40 min manat xərcləyib: “Bu qədər pul xərcləmişəm. Lakin indi deyirlər ki, 8 min pul almışıq. İndi mənə deyirlər ki, 32 min manatı mənimsəmişəm. Biz iki bina tikmişik. Bir binanı 350 min manat, digərini isə 740 min manat dəyərləndiriblər. Bu necə olur eyni binaya fərqli qiymət qoyulur?”.

Proses noyabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, M. Səlimov ötən ilin noyabrında həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. M. Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR