Bankların hesabına girərək pul mənimsəmədə təqsirləndirilən şəxslərin şikayəti üzrə məhkəmə başlayıb

Bankların hesabına girərək pul mənimsəmədə təqsirləndirilən şəxslərin şikayəti üzrə məhkəmə başlayıb
# 11 noyabr 2015 08:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində qanunsuz olaraq bankların hesablarına girərək pul mənimsəmədə təqsirli bilinən Yaşar Ələkbərov, Rinat Aqarunov və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində, kompüter sisteminə qanunsuz daxil olaraq həmin sistemdəki məlumatları ələ keçirməklə müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanması faktı aşkar edilib. Hüquqa zidd əməllərin törədilməsinə görə Fərid Hadiyev, Yaşar Ələkbərov, Nasir İbrahimov, Fərrux Bayramov, Rinat Aqarunov İliç, Rusiya Federasiyasının vətəndaşı İfraimov Nair İlişayeviç şübhəli şəxs qismində tutulublar.

Müəyyən edilib ki, Nasir İbrahimov Fərrux Bayramovla, Nair İfraimov isə Rinat Aqarunovla birlikdə Fərrux Bayramovun və Rinat Aqarunovun adlarına bank hesabları açdıraraq, hər ikisi üçün “MasterCard Standard” plastik kartı sifariş etmiş və hazır olan kimi hesabın açılması ilə bağlı sənədləri kartla birlikdə götürüblər. Bundan sonra Fərid Hadiyev qabaqcadan əldə edilmiş razılığa əsasən, işlədiyi bank filialında xidməti fəaliyyətinin imkanlarından istifadə etməklə iri məbləğdə əmanətləri olan bir sıra şəxslərin kredit kartlarının nömrələrini əlaqədar öyrənərək, həmin nömrələri mobil telefonla Yaşar Ələkbərova göndərib. Yaşar Ələkbərov mart ayında həmin nömrələrdən istifadə edərək qeyd olunan bank əmanətçilərinin kart hesablarından ümumilikdə 76 min ABŞ dolları məbləğində pulu elektron köçürmə yolu ilə Fərrux Bayramovun “MasterCard Standard” plastik kartına, may ayında isə təxminən 178 min ABŞ dolları məbləğində pulu elektron köçürmə yolu ilə Rinat Aqarunovun “MasterCard Standard” plastik kartına köçürüb və hər iki halda Fərid Hadiyevi məlumatlandırıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Hadıyev 10 il, Yaşar Ələkbərov və Rinat Aqarunov 9 il 6 ay, Nasir İbrahimov 6 il 6 ay, Fərrux Bayramov və Nair İfraimovun hər biri isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR