Ərdoğan: “Ey erməni diasporu, ey Ermənistan, arxiv sənədiniz varsa, qoyun ortaya”

Ərdoğan: “Ey erməni diasporu, ey Ermənistan, arxiv sənədiniz varsa, qoyun ortaya”
# 19 mart 2015 11:57 (UTC +04:00)

Bakı – APA. “Tarixin hər dönəmində olduğu kimi, Birinci Dünya müharibəsi illərində də acılar, faciələr yaşanıb. Bu hadisələrdən təkcə ermənilər zərər çəkməyib. Balkanlarda, Qafqazda ən böyük müsəlman qətlləri o dövrdə yaşanıb”. APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “100-cü ildönümündə dünya müharibəsinin sənədləri” mövzusunda keçirilən toplantıda çıxışında deyib.

R. T. Ərdoğan bildirib ki, Türkiyə 2015-ci ili öz şanlı mübarizəsinin və zəfərlərinin 100-cü ildönümü kimi qeyd edərkən bəziləri bu ili Türkiyə əleyhdarlığının, Türkiyəyə qarşı düşmənçiliyin bayrağı halına gətirmək istəyir: “Erməni diasporu dünyanın hər yerində soyqırım iddialarına əsaslanan kampaniyalarla Türkiyə düşmənçiliyini aşılamağa çalışır. Bu kampaniyaların məqsədi tarixin müəyyən dövründə ermənilərin yaşadığı acıları gündəmdə tutmaqdan çox, birbaşa bizim dövlətimizə və millətimizə qarşı düşmənçilikdən ibarətdir. O dövrdə Anadoluda ermənilər qədər, hətta onlardan daha çox zərər görən yüz minlərlə insan olub”.

Türkiyə prezidenti üzünü Ermənistana və erməni diasporuna tutaraq onları əllərindəki arxiv sənədlərini ortaya qoymağa çağırıb: “Ey erməni diasporu, ey Ermənistan rəhbərliyi, buyurun, bizim arxivlərimiz, sənədlərimiz burdadır. Bizim hazırda yüz minlərlə, milyondan çox arxiv sənədimiz var. Bəs, sizin nə qədər sənədiniz var? Çıxarın sənədlərinizi, bu məsələni tarixçilərə, siyasətşünaslara, hətta arxeoloqlara, hüquqşünaslara həvalə edək. Gəlsinlər, bu sənədlər üzərində çalışsınlar. Müxtəlif ölkələri dolaşıb, onlara pul yedirməklə, lobbilər təşkil etməklə, qeyri-əxlaqi yollarla Türkiyə əleyhinə kampaniyalar aparmaqla bir şey əldə edə bilməyəcəksiniz. Bu kampaniyaların necə aparıldığını çox yaxşı bilirik. Bizim bu məsələdə kimsəyə verə bilməyəcəyimiz hesabımız yoxdur. Biz təkcə öz millətimizin son 100-150 ildə yaşadığı faciələri araşdırsaq, erməni iddialarından dəfələrlə çox hadisə ortaya çıxar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR