APA-nın cənub bürosunun məlumatına görə, təlimdə Biləsuvar RİH-nin başçısı Mahir Quliyev, icra aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon fövqəladə hallar komissiyasının, rayonun mülki müdafiə xidmətlərinin nümayəndələri, eləcə də ərazi və obyektlərin mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri iştirak ediblər.
Kompleks təlimə rayonun hərbiləşdirilməmiş dəstələrinin 210 nəfər şəxsi heyəti və 29 ədəd texnikası cəlb olunub.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk həkim yardımının göstərilməsi, epidemiya və epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqları yerinə yetiriblər.
Təlimin keçirilməsində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
Təlimin keçirilməsində məqsəd isə mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar üzrə komissiyaların fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığının yoxlanılmasından, fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, mülki müdafiə qüvvələrinin idarə olunması üzrə mülki müdafiə idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsindən, mülki müdafiə idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar üzrə komissiyalara, rəhbər heyətə və işçilərə fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasından ibarət olub.
Təlimin gedişində rayonun mülki müdafiə dəstələrinin və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilməklə qarşıya qoyulmuş məqsədə nail olunub.