Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Naftalanda vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Naftalanda vətəndaşları qəbul edib
# 29 aprel 2015 11:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Naftalanda vətəndaşları qəbul edib. APA-nın məlumatına görə, görüşdə Naftalan və Gəncə şəhərlərindən, Daşkəsən, Göygöl, Kəlbəcər və Samux rayonlarından olan vətəndaşlar iştirak edib.

Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı təklif, xahiş və şikayətləri dinlənilib. Müraciətlər əsasən, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix-mədəniyyət abidələrinin bərpası və s. məsələlərlə bağlı olub.

Yerlərdə muzey bələdçilərinin qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə təlim və dil kurslarına cəlb edilməsi, rayonlara tanınmış incəsənət ustalarının ezam edilməsi, yaradıcılıq görüşlərinin təşkili, kitabxanaların metodiki vəsaitlərlə, uşaq ədəbiyyatı və jurnallarla, uşaq musiqi məktəblərinin musiqi əsərlərinin klavirləri ilə təminatı, mədəniyyət evlərinin səhnə ləvazimatı ilə təchiz edilməsi barədə xahişlər olunub.

Bölgələrdə qocaman ədəbiyyat, mədəniyyət xadimlərinin yubileylərinin qeyd edilməsi, yerli müəlliflərin əsərlərinin tamaşaya qoyulması ilə bağlı təkliflər səsləndirilib.

Görüşdə Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sistemində Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin qərb bölgəsi üzrə səyyar kurslarının təşkili ilə bağlı təkliflər də irəli sürülüb, şəhərdə ictimai əsaslarla Uşaq Filarmoniyasının yaradılmasına dəstək verilməsi xahiş edilib.

Göygöl şəhərində nazirliyin dəstəyi ilə yaradılacaq alman icmasının tarixi muzeyinin fəaliyyətinin təşkili, rayonda qış turizminin inkişaf etdirilməsi barədə müraciətlər edilib.

Nazir Əbülfəs Qarayev dövlət başçısının tapşırığı ilə keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. O, vətəndaşların təşəbbüskarlığını, mədəniyyət və turizm sahələrində problemlərə diqqət yetirməsinin təqdirəlayiq olduğunu qeyd edərək qaldırılan bütün məsələlərin diqqətlə nəzərdən keçiriləcəyini, zəruri tədbirlər görüləcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR