BAXCP Roma Papasına etiraz edib

BAXCP Roma Papasına etiraz edib
# 13 aprel 2015 12:15 (UTC +04:00)

Bakı - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Roma Papası I Fransiskin qondarma “erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı kimi dəyərləndirməsi BAXCP İdarə Heyətinin kəskin etirazına səbəb olub və bununla bağlı etiraz bəyanatı qəbul edilib.

Bəyanatda Roma Papasının fikirləri islamafobiyanın doğurduğu nəticələrdən biri kimi qiymətləndirilib və I Fransiskin ən güclü erməni diasporunun olduğu bir ölkədə - Argentinada doğulduğu, uzun illər burada yaşadığı və fəaliyyət göstərdiyi xatırladılıb. BAXCP İdarə Heyəti hesab edir ki, İŞİD, “Əl Şebab”, “Əl Qaidə”, “Boko Haram” və digər ekstremist və cinayətkar qrupların fəaliyyəti dünyada islamın nüfuzunun artmasına, sivilizasiyalar və dinlərarası dialoqa nə qədər “xidmət” edirsə, Roma Papasının çıxışı da xristianlığa, dini konfessiyalar arası münasibətlərin, humanizm prinsiplərinin qorunmasına bir o qədər və bəlkə də daha artıq “xidmət” edir.

BAXCP İdarə Heyətinin bəyanatında Gürcüstanın katalikos-patriarxı II İlyanın erməni icmasının təmsilçiləri ilə görüşündə səsləndirdiyi fikirlərə də diqqət çəkilib. Gürcüstan patriarxı erməni icmasının nümayəndələri ilə təması zamanı Roma Papası ilə görüşündən danışıb, I Fransiskin Gürcüstan və Ermənistanın islam dünyasının içərisində bir vadi olduğu və onların bir-birlərini müdafiə etməli olduğu barədə sözlərini qeyd edib. BAXCP İdarə Heyəti hesab edir ki, Roma Papasının Gürcüstan patriarxı tərəfindən ictimailəşdirilən bu fikirləri I Fransiskin nə qədər “Allah adamı” olduğunu sübuta yetirir.

BAXCP İdarə Heyəti bəyan edir ki, Roma Papasının Xocalıda və işğal altında olan digər Azərbaycan ərazilərində azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş hərbi cinayətkarların qarşısında qondarma “erməni soyqırımı”ndan tarixdə baş vermiş bir hadisə kimi söz açması, işğala, terrora, bəşəriyyət əleyhinə cinayətlərə haqq qazandırılması anlamına gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR