Treyderlər tankerlərdəki neft üçün alıcı tapa bilmir

Treyderlər tankerlərdəki neft üçün alıcı tapa bilmir
# 14 iyul 2016 15:02 (UTC +04:00)

Bakı - APA-Economics. Şimal dənizində xam neftlə yüklənmiş tankerlərin sayı artmaqdadır.

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu, xam neftə olan tələbatın zəifləməsinin daha bir göstəricisidir.

Şimal dənizində xam neftlə yüklənmiş gəmilərin sayı 2009-cu ildən etibarən ən yüksək həddə çatıb.

Hazırda Şimal dənizində 9 tanker var ki, onlar 9 mln. barrel neft daşıyır. Mayda bu göstərici 7 mln. barrel olub.

Treyderlər bildirir ki, iyunun sonuna dünya üzrə tankerlərdə saxlanılan neftin həcmi 95 mln. barrelədək artıb.

Beynəlxalq Enerji Agentliyi bildirir ki, indiyədək neftə olan tələbat 2008-2009-cu illərdə ən aşağı həddə enib.

Şimal dənizində üzən tankerlərdəki neftə alıcı tapmaq mümkün deyil. Yaranmış vəziyyət onu deməyə əsas verir ki, tankerlər hələ bir müddət Böyük Britaniya sahilləri yaxınlığında üzməyə davam edəcək. Treyderlər bildirir ki, aprelin 23-dən etibarən İngiltərə yaxınlığında üzən "Maran Thetis" supertankerinə yüklənən neft hələ də satılmayıb.

Dünyanın ən iri müstəqil neft treyderi olan "Vitol Group" şirkətinin baş icraçı direktoru Yan Teylor bildirib ki, indiki vəziyyətdə kontanqo (neft nəqli zamanı ödənilən premiya) o qədər yüksək səviyyədə deyil, beləliklə, neftin saxlanılması sərfəli olmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR