Azərbaycan brendi “Asan İmza” Romada keçirilən konfransda təqdim edilib

Azərbaycan brendi “Asan İmza” Romada keçirilən konfransda təqdim edilib
# 06 may 2015 15:06 (UTC +04:00)

Bakı-APA. Bu il mayın 5-6-da İtaliyanın paytaxtı Roma şəhərində elektron mühitdə identitet mövzusuna həsr edilmiş beynəlxalq konfrans (“The 2015 Identity Conference”) keçirilib. Konfransa 40 ölkədən qlobal rəqəmsal identitet sahəsini və dövlət sektorunu təmsil edən 200-dən artıq nümayəndə qatılıb.

“ASAN xidmət”dən APA-ya bildirilib ki, konfrans çərçivəsində baş tutan plenar və interaktiv sessiyalarda iştirakçılara rəqəmsal identitet bazarında mövcud olan yeniliklər və tendensiyalarla, eləcə də bu sahədə beynəlxalq təcrübə ilə tanış olmaq, milli elektron identitet sistemində mobil identitetin roluna dair müzakirələr aparmaq və pasport-viza idarəetməsi sahəsində tətbiq edilən innovativ rəqəmsal həllərə dair təcrübə mübadiləsi aparmaq imkanı yaradılıb.

“Asan İmza” mobil elektron imza xidmətinin operatoru olan “B.EST Solutions” şirkətinin təsisçisi xanım Yana Krimpe də konfransın işində iştirak edib. “Rəqəmsal əsrdə identitet: elektron imza, elektron və mobil hökumət” mövzusunda keçirilmiş plenar toplantıda çıxış etmiş Y. Krimpe elektron hökumət idarəetməsi modelinin bərqərar edilməsi sahəsində son illər Azərbaycanda görülmüş işlərdən bəhs edib, ölkədə dövlət xidmətlərinin əlçatanlılığının və şəffaflığının artırılması istiqamətində tətbiq edilmiş innovativ həllər barədə söhbət açıb. O, tədbir iştirakçılarına Azərbaycanın mobil imza xidməti olan “Asan İmza” barədə də ətraflı məlumat verib. Qeyd edilib ki, bu texnologiya mobil imzanın tətbiqi sahəsində hazırda dünyada mövcud olan ən qabaqcıl və effektiv model olan dövlət və özəl sektorun birgə tərəfdaşlığı yanaşması üzərində qurulub və mərkəzləşdirilmiş idarəetmə prinsipi, eləcə də sürətli tətbiq və inkişaf imkanları sayəsində digər ölkələr üçün böyük maraq kəsb edir.

Qeyd etmək lazımdır ki, cəlbedici ixrac potensialına malik olan “Asan İmza” texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq sahəvi tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR