Gəncədə Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin yubileyi qeyd edilib

Gəncədə Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin yubileyi qeyd edilib
# 10 aprel 2015 15:05 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Azərbaycanın Milli Qəhrəmanı, mayor Anatoli Nikolayeviç Davidoviçin anadan olmasının 50 illiyi münasibəti ilə Gəncədə onun adını daşıyan küçənin açılısı olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yubiley tədbiri Milli Qəhrəmanın adını daşıyan küçənin girişində yerləşdirilən xatirə lövhəsi və barelyefi önündə keçirilib.

Açılışda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, A. Davidoviçin ailə üzvləri, qardaşı, qardaşı oğlu, həyat yoldaşı, habelə şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən E. Vəliyev Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş qəhrəman oğullara dövlət tərəfindən daim diqqət yetirildiyini, onların xatirələrinin ehtiramla yad edildiyini bildirib.

Mərasimdə milli qəhrəmanın adını daşıyan küçənin təmir edildiyini, işıqlandırma sisteminin və səkilərin yeniləndiyi vurğulanıb.

Qeyd edək ki, A. Davidoviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Slutsk şəhərində hərbçi ailəsində dünyaya gəlib.

1989-cu ildə Ukraynada Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı qoşun qrupunda, Zaqafqaziya Hərbi Dairəsində qulluq edib.

1992-ci ilin iyununadək SSRİ, sonra isə Rusiya ordusunda xidmət edib. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayaraq,"N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi olub, Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük xidmətlər göstərib. 1992-ci il Ağdam rayonunda ağır döyüşlər zamanı Anatoli əsl qəhrəmanlıq göstərərək, ağır yaralanıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Xeyli qan itirdiyindən həkimlərin səyi nəticə verməyib. A. Davidoviç 1992-ci ilin 13 iyunda Bakı şəhər Mərkəzi Hospitalında vəfat edib. O, doğma Slutsk şəhərində dəfn edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR