Təhsil naziri: “Keyfiyyət bir tərəfə, müsabiqəyə çıxarmaq üçün kifayət qədər dərslik əldə etmirik”

Təhsil naziri: “Keyfiyyət bir tərəfə, müsabiqəyə çıxarmaq üçün kifayət qədər dərslik əldə etmirik”
# 15 dekabr 2014 08:36 (UTC +04:00)

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov elektron resursların təqdimatında çıxışı zamanı deyib. Son 3 ilin statistikası barədə danışan nazir bildirib ki, 2012-ci ildə 17 fənn üzrə dərsliklərin hazırlanması üçün keçirilən tenderlərdən cəmi 2-si, 2013-cü ildə 21 fənn üzrə tenderdən cəmi 2-si, 2014-cü ildə isə 22 fənn üzrə keçirilən tenderdən cəmi 6-sı baş tutub. Onun sözlərinə görə, bu il yalnız VII siniflər üzrə deyil, VIII siniflər üçün də dərsliklər yaradılıb: “Tender baş tutub o deməkdir ki, bizim seçmək, qiymətləndirmək üçün ən azı 3 təklifimiz olub. Görürük ki, əksər hallarda müəlliflərdən müsabiqəyə çıxarılması üçün yetərincə dərslik əldə etmirik. Bu son illərin statistikasıdır və bu statistika ciddi şəkildə dəyişib. Bu sayda müəyyən artım var, amma 20-22 fəndən 5-6 təklif qaneedici hesab oluna bilməz”.

Nazir əlavə edib ki, bu ildən dərsliklərin hazırlanması ilə bağlı tendensiya müəyyən qədər dəyişilib. Onun sözlərinə görə, bu il VII siniflərlə yanaşı, VIII siniflərin əksər dərsliklərinin layihəsini əldə edə biliblər: “Bu da bizə imkan verir ki, bu il ərzində mütəxəssislər tərəfindən sınaqların həyata keçirilməsini həyata keçirə bilək. Keçən ildən ilk dəfə olaraq yaradılan dərsliklər üzərində müəlliflik hüququ Təhsil Nazirliyinə və yaxud dövlətə məxsusdur. Bu gün müəlliflik hüququ bizə imkan verir ki, internetə çıxışı olan hər bir şəxsin dərsliklərdən pulsuz istifadəsini təqdim də bilək”.

M.Cabbarov onu da deyib ki, dərsliklərin keyfiyyətini təmin etmək üçün hər il monitorinq həyata keçirilir. Ali təhsil müəssisələrinin rəhbərləri və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təşəkkür edən nazir qeyd edib ki, bu ildən ilk dəfə olaraq yeni hazırlanan dərsliklərin keyfiyyətinin monitorinqi aparılıb və bu, dərsliklər çapa verilməzdən öncə həyata keçirilib. Nazir bildirib ki, bütün bunlar dərsliklərin keyfiyyətə müsbət təsir edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR