Akif Əlizadə: “Hazırda Azərbaycanda elmi koordinasiya formal xarakter daşıyır”

Akif Əlizadə: “Hazırda Azərbaycanda elmi koordinasiya formal xarakter daşıyır”
# 19 noyabr 2014 14:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni tərkibi təsdiq olunub.

APA-nın xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

İclasda akademik Rasim Əliquliyev Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (RETƏŞ) yeni tərkibi haqqında məlumat verib. Bildirib ki, yeni şura ölkədə bütün elmi müəssisə və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirmək və istiqamətləndirmək məqsədilə AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılıb. Şuranın fəaliyyətinin səmərəli təşkili üçün onun tərkibinə görkəmli alim və mütəxəssislər daxil edilib, həmçinin elmi istiqamətlər üzrə müvafiq elmi şuralar yaradılıb.

Akademik qeyd edib ki, ötən müddət ərzində RETƏŞ tərəfindən elmi müəssisə və ali məktəblərdə aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsi, elmi tədqiqat işlərinin illik və uzunmüddətli planlarının işlənməsi, elmi tədqiqatların yekunlarına dair hesabatların müzakirəsi və RETƏŞ-in Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələrin həyata keçirilməsi istiqamətində bir sıra mühüm işlər həyata keçirilib. Buna baxmayaraq, hazırda akademiyada ölkənin dinamik inkişafı ilə şərtlənən islahatların aparılması, elmi fəaliyyətin təşkilinin, əlaqələndirilməsinin və idarə olunmasının ölkənin inkişaf strategiyasına uyğun olaraq qurulması RETƏŞ-in də fəaliyyətinin təkmilləşdirilməsini və tərkibinin yenidən formalaşdırılmasını zəruri edir.

İclasda şuranın yeni tərkibi Rəyasət Heyətinin növbəti qərarı ilə təsdiq olunub. Yeni yaradılan şuranın sədri Akif Əlizadə, sədr müavini isə İbrahim Quliyev təyin olunub.

A.Əlizadə qeyd edib ki, şuranın tərkibi yenidən dəyişə bilər: “Azərbaycanda elmin koordinasiyasına köməklik etməliyik. Elmi koordinasiya hazırda formal xarakter daşıyır. Yəni qeyd olunan məsələ yüksək vəziyyətdə deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR