Gürcüstanın dövlət naziri etnik azlıq nümayəndələri olan tələbələrlə görüşüb

Gürcüstanın dövlət naziri etnik azlıq nümayəndələri olan tələbələrlə görüşüb
# 09 noyabr 2015 21:17 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Tolerantlıq Günü çərçivəsində Gürcüstan Parlamentinin Milli Kitabxanasında Gürcüstanın Barışıq və Vətəndaş bərabərliyi məsələləri üzrə Dövlət naziri Paata Zakareişvili ilə Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan etnik azlıq nümayəndələri olan tələbələrlə görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə gürcü dilində universitetlərdə təhsil alan digər etnik nümayəndələri ilə birgə azərbaycanlı tələbələr də iştirak edib. Görüşdə dövlət naziri etnik və dini müxtəlifliyin vacibliyindən söhbət açıb.

"Gürcüstanda hər il keçirilən Tolerantlıq Günü cəmiyyətin əhval-ruhiyyəsini yüksəldən vacib tədbirlərdən biridir. Gürcüstan etnik və dini müxtəlifliklə fərqlənir və bu fərq Gürcüstanın sərvətidir. Biz dünyada bu müxtəlifliklə fəxr edirik. Bununla belə problemlərimiz də mövcuddur ki, onları həll etməliyik", dövlət naziri bildirib.

Görüşdə dövlət naziri tələbələrin müxtəlif suallarını cavablandırıb. O, eyni zamanda münaqişələrin tənzimlənməsinə aid suallara da cavab verib. Tədbirdə dövlət nazirliyinin müşaviri Zaur Darğallı da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR