General Kazım Karabəkirin qızı: “Naxçıvanda atama heykəl qoyulması üçün yer ayrılacağına inanıram” - MÜSAHİBƏ

General Kazım Karabəkirin qızı: “Naxçıvanda atama heykəl qoyulması üçün yer ayrılacağına inanıram” - <span style="color: red;">MÜSAHİBƏ
# 17 sentyabr 2015 07:41 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İstiqlal savaşının Şərq orduları komandanı, general Kazım Karabəkirin qızı Timsal Karabəkirin APA-ya müsahibəsi

- Anadolunun Şərq bölgələrini erməni quldur dəstələrindən təmizləyəndən sonra atanızın komandan olduğu ordu Təbrizə getdi. Oradan Bakıya getməsinin təlimatını Ənvər paşa vermişdi, yoxsa saray?

- Təlimat saraydan verilmişdi, Ənvər paşa orduların əməliyyatlarına və yerdəyişmələrinə ümumi nəzarət edirdi. Atam Təbrizi almışdı, saraydan ona Təbrizdən sonra Bakıya tərəf irəliləmək əmri verilmişdi. Məqsəd Azərbaycanın cənubunu olduğu kimi, şimalını da nəzarət altında saxlamaq idi. Ancaq 31 mart 1918-ci ildə Mondros sazişi atamın da, Nuri paşanın da geri qayıtmasına səbəb oldu.

- Mondros sazişindən sonra Maltaya sürgünlər oldu, atanız da hər hansı sıxıntı yaşayıbmı?

- Yox, atam hər hansı sıxıntı yaşamayıb.

- Qars-Gümrü-Moskva sazişləri atanızın diplomatiya sahəsindəki məharətini ortaya qoymuş və atanız Lozan danışıqlarında da türk heyətinə başçılıq etmək istəmişdi. İddialara görə, Mustafa Kamal paşanın o işi İsmət paşaya tapşırmasından atanız narazı qalıb. Bu, nə dərəcədə doğru iddiadır?

- Onu atamın gündəliklərində oxumaq lazımdır. Mən sizə “hər şeyi bilirəm”- desəm, inanmayın. Çünki atam vəfat edəndə mən 7 yaşında idim, hər şeyi mənimlə danışa bilməzdi. O barədə atamın Atatürkə qarşı hər hansı narazılığı olmayıb. Rauf Orbayın İsmət İnönüyə qarşı narazılığı olub. Bunu Rauf Orbayın xatirələrində oxuya bilərsiniz.

- Bəli, Rauf paşa orada İnönüylə aralarında olan narazılığı gizlətmir. Yaxşı, İstiqlal savaşı vaxtı Türkiyə Böyük Millət Məclisinə göndərdiyi bəzi tələblərdə “Ermənistanın tamamilə məhv edilməsi üçün” icazə istəyir. Atanızın “İstiklal harbimiz” kitabında bunlar var. Başqa kitablarında Məclisin niyə cavab vermədiyinə dair nəsə yazıbmı?

- Ermənistan torpaqlarındakı türklərin qovulması və soyqırıma məruz qoyulması ehtimalına qarşı təşəbbüsü olub. Qış gəlmədən hərbi əməliyyatlara başlamaq istəyirmiş. Ancaq o vaxtlar Mustafa Kamal paşa ruslarla silah müzakirələri apardığına görə Məclisdən icazə çıxmayıb. Payızda Ermənistan sərhədində əməliyyatlar keçirib, oradakıların hamısını darmadağın edib, növbəti gün isə Ermənistan hökuməti devrilib. Atam yay aylarında hücum etmək istəyib, ancaq sentyabr-oktyabra qədər icazə verilmir, bunun səbəbi də ruslardan silah almaqla bağlı aparılan gizli danışıq idi.

- Nuri paşanın ordusu Qafqaza çıxanda o vaxtkı Ermənistan torpaqlarının üçdə ikisi Osmanlının nəzarəti altında idi. Rusiya kimi, Qərb ölkələri də Qafqaza oradakı Osmanlı nüfuzuna görə müdaxilə etməyə qorxurdular...

- Nuri paşanın Bakıya girməməsinə dair Almaniya ilə Rusiyanın gizli müqaviləsi vardı. Neftə görə. Ona baxmayaraq, bilirsiniz ki, Nuri paşa Bakıya girdi.

- Şübhəsiz ki, Nuri paşa Bakıya girərkən Kazım Karabəkir paşanın komandanlığındakı Şərq ordularının dəstəyini arxasında hiss edirdi...

- Atam Qars bölgəsini erməni bandalarından təmizləyəndən sonra Naxçıvana, oradan da Təbrizə getmişdi, oraları almışdı. Batuma qədər enən korpus da atamın ordusunun tərkibindəydi. İran Azərbaycanı tamamilə, bugünkü Gürcüstanın isə böyük qismi Osmanlı hakimiyyəti altında idı. Mondros sazişi imzalanan kimi, orduya geri çəkilmək əmri verilir və hamısı ləğv edilir. Ordusu ləğv edilən atam Təbrizdən Naxçıvana, oradan Qarsa, sonra Batuma gedərək İstanbula qayıdır. Nuri paşanın Qafqaz İslam Ordusu daha əvvəl Bakıya yerləşmişdi. Almanların, ingilislərin, rusların qarşı çıxmalarına baxmayaraq, Nuri paşa o bölgədə Azərbaycan dövlətinin qurulmasına nail olmuşdu.

- Ənvər paşa ölkədən ayrılandan sonra atanızın onunla gizli və ya açıq şəkildə əlaqəsi olubmu?

- Sakarya meydan müharibəsinin axırından Ənvər paşanın Tacikistanda şəhid olmasına qədər Mustafa Kamal paşa və atam daima onunla məktublaşıblar. Ənvər paşa və arkadaşları kənardan milli mübarizəni dəstəkləyiblər. Anadoluya gəlmək istəyib, ancaq Mustafa Kamal və atam buna qarşı çıxıblar. Çünki ingilislərin oyunu ilə öz aralarında anlaşmazlıq yaşaya biləcəklərini düşünüblər. Ənvər paşa İttihad və Tərəqqiçi idi. Trabzona qədər gələndən sonra atam onları Rusiyaya və Azərbaycana göndərib. İttihad və Tərəqqiçilər Misirdə, Əfqanıstanda və Hindistanda ingilislərin əleyhinə inqilablar təşkil ediblər. Bu, nə deməkdir? İngilislərin başı oralara qarışdığına görə, Anadoludakı İstiqlal mübarizəsinə çox vaxt ayıra bilməyiblər. Bunların hamısına Ənvər paşa rəhbərlik edib.

- 4 avqust 1922-ci ildə Ənvər paşanın şəhidlik xəbəri Məclisdə Mustafa Kamala veriləndə Mustafa Kamal paşa öz reaksiyasını Namıq Kamalın “Merkez-i hake atsalar da bizi; Kürre-yi arzı patlatır çıkarız” - misralarıyla bildirib. Atanız Ənvər paşanın ölüm xəbərini eşidəndə nəsə deyibmi?

- Atam sadəcə onun ölüm xəbərini aldığını yazır. Başqa bir şey yoxdur. Amma Ənvər paşa, Mustafa Kamal paşa və atam çox yaxşı dost olublar. Uzun müddət bir yerdə işləyiblər.

- Mustafa Kamal Atatürkə qarşı İzmirdə planlanlaşdırılan sui-qəsddə atanız da ittiham edilib. Bunun səbəbi nə idi? Atanız o sui-qəsd iddiasına görə, Atatürkdən inciyibmi?

- İpdən qayıtdılar. Bu gün çox mübahisə doğuran məsələdir. Bir qrup adam Mustafa Kamal paşaya qarşı Ankarada sui-qəsd həyata keçirməyə çalışıb. Ancaq plan ortaya çıxınca, sui-qəsdçi İstanbula qaçıb. Daha sonra Bursada planı həyata keçirməyə çalışıblar, orda da mümkün olmayıb. İzmirdə sui-qəsd planı hazırlanıb. Bunu hökumətin bilməməsi mümkün deyildi. Təsəvvür edin ki, sui-qəsdçilərdən biri istiqlal savaşında Atatürkün ən yaxın adamlarından olmuş və daha sonra Ankara valisi təyin edilmiş general Kazım Özalpın evində qalıb. Hamının bildiyi bu işi hökumətin bilməməsi mümkün deyil. Necə ki, Atatürk hələ Balıkəsirdə ikən İzmirdəki sui-qəsdçilər yaxalandı. Məncə, hökumət qəsdən gözlədi ki, bu işin arxasında kimlər olduğunu görsün. Əsas məqsəd o dövrün şərtlərində meydana çıxmağa çalışan müxalifəti susdurmaq idi. Çünki İttihad və Tərəqqiçilərlə birlikdə 1924-cü ildə gizli partiya qurulmuşdu, hökumət isə 1 illik cümhuriyyətdə müxalifətə isti baxmırdı. Paşaları ona görə o işin içinə qatdılar. O hadisədən sonra edamlar oldu, mətbuat susduruldu. Məncə, o hadisə o günün şərtlərində “sui-qəsd içində sui-qəsd” idi. O günün şərtlərində müxalifətin olmaması lazım idi. Cümhuriyyət elan edilən kimi demokratiyanın bütün şərtlərini yerinə yetirmək mümkün deyildi.

- İstiqlal mübarizəsinin 5 ən yaxın dostu - Mustafa Kamal, Kazım Karabəkir, Refet Bele, Rauf Orbay və Əli Fuad Cebesoy arasında həyata gözlərini hamıdan tez Mustafa Kamal Atatürk yumub. Vəfatından əvvəl atanızla Atatürk barışmışdılarmı?

- Atatürk ölümündən əvvəl atamla barışmışdı. Rauf Orbayın ölkəyə qayıtmasına qoyulan qadağanı Atatürk ölümündən əvvəl ləğv etdirmişdi. Atatürk atamı dil qurultayına dəvət edib, ancaq görüşə bilməyiblər. Həyatının son dönəmlərində Mustafa Kamal Atatürk ən yaxın dostlarıyla qopmuş əlaqələrini yenidən yaratmağa başlamışdı. Atatürkün ölümündən sonra Məclisdə başqaları prezident seçilmək üçün mübarizə apardılar. Ancaq marşal Fevzi Çakmak İsmət İnönünü dəstəklədi, İnönü ikinci prezident seçildi. İsmət İnönü atamı və İstiqlal müharibəsinin digər qəhrəmanlarını millət vəkili seçdirdi, atam 1946-48-ci illərdə Türkiyə Böyük Millət Məclisinin sədri oldu.

- Atanızın Naxçıvana getməsindən, oranı nəzarətdə saxlamasından, Qars-Gümrü və Moskva sazişlərində Naxçıvanı Türkiyənin təminatı altına almasından, Hüseyn Cavidlə yaxın dost olmasından, onunla məktəb və teatr açmasından həmişə iftixarla danışırsınız. Eyni zamanda atanıza heykəl qoymaq üçün Naxçıvanda yer ayrılmasını istəyirsiniz. İndiyə qədər yer ayrılmadığına görə qəlbiniz sınıbmı?

- Kazım Karabəkirın adını daşıyan məscidin içinə büst qoymağımızı təklif etmişdilər. Biz də, Türkiyənin dini işlər idarəsi də buna qarşı çıxdıq. Buna görə qəlbim sınıq deyil. Mənim arzum var: hörmətli Talıbovu tanıyıram, ona dəyər verirəm. Onun da bəzi işlər görmək istədiyini zənn edirəm. Orada bir çeşmə var, atam yapdırıb. Üç yol ağzı deyən yerdə atamın heykəlinin yapılacağına inanıram.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR