Nikolay Bordyuja: KTMT sülhməramlıları “qaynar nöqtə”lərdə əməliyyatlara hazır olmalıdır

Nikolay Bordyuja: KTMT sülhməramlıları “qaynar nöqtə”lərdə əməliyyatlara hazır olmalıdır
# 03 oktyabr 2015 23:14 (UTC +04:00)

Bakı-APA. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Sülhməramlı Qüvvələri dünyanın “qaynar nöqtə”lərində mümkün sülhməramlı əməliyyatlara hazır olmalıdırlar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu KTMT-in baş katibi Nikolay Bordyuja deyib.

“Hazırda vəziyyət bütün istiqamətlərdə gərginləşib. Və artıq bu gün aydın görünür ki, hazırda dünyada müşahidə edilən bir çox “qaynar nöqtələr”ə sülhməramlı qüvvələr cəlb edilməlidir. Və buna görə də, KTMT Kollektiv Sülhməramlı Qüvvələrinin praktiki döyüş tapşırıqlarının yerinə yetirilməsi mümkün əməliyyatlara hazırlıqdır. Düşünmürəm ki, onlar yaxın gələcəkdə baş tutacaq, lakin, istənilən halda, KTMT sülhməramlı qüvvələrin tətbiq edilməsinə hazır olmalıdır”, deyə təşkilatın məlumatında bildirilir.

Qeyd edək ki, Nikolay Bordyuja Ermənistanda “Marşal Bağramyan” poliqonunda sentyabrın 30-dan davam edən KTMT sülhməramlı qüvvələrinin “Sarsılmaz qardaşlıq-2015” təlimlərini izləyir.

KTMT Kollektiv Sülhməramlı Qüvvələri təlim zamanı Qafqaz regionunda sülhün təmin edilməsi üzrə şərti əməliyyatlar keçirirlər.

Məlumata görə, təlim zamanı münaqişə tərəflərinin aralanması, bufer zonasının yaradılması, humanitar yüklərin müşayiət etdirilməsi, qanunsuz silahlı birləşmələrin təlim düşərgəsinin mühasirəyə alınaraq məhv edilməsi, qanunsuz silahlı birləşmələr tərəfindən ələ keçirilmiş binanın nəzarətə alınması və girovların azad edilməsi üzrə praktiki tapşırıqlar həyata keçirilir.

Təlimlərin əvvəlki mərhələlərində sülhün təmin etdirilməsi üzrə əməliyyatın keçirildiyi rayonda KTMT Kollektiv Sülhməramlı Qüvvələrin formalaşdırılması və mövqe tutması məsələləri icra edilib.

Həmçinin KTMT təlimləri zamanı sülhməramlı kontingentlərin uzaq məsafələrə göndərilməsi tapşırıqları icra edilib. Belə ki, Rusiya kontingentinin 15-ci sülhməramlı motoatıcı alayın tərkibindəki 100 hərbçidən ibarət bölük taktiki qrupu təhkim edilmiş texnikası və silah-sursatı ilə birlikdə (8 ədəd BTR-82A, 82 mm kalibrli minaatanlar və atıcı silahlar) Samara vilayətindən Ermənistana göndərilib. Göndərilmə Rusiya Hava-Kosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının 5 “İL-76” təyyarəsi ilə 1500 km-dən çox məsafəni qət etməklə həyata keçirilib.

Qeyd edək ki, “Sarsılmaz qardaşlıq-2015” təlimlərində Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın Silahlı Qüvvələrinin və xüsusi təyinatlı polis dəstələrinin 600-dək üzvü, həmçinin, 50 ədəd döyüş və xüsusi texnika, 4 helikopter və ərazinin kəşfiyyatı üçün pilotsuz təyyarələr iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR