Nüşabə Sadıqlı: “Qubad İbadoğlunun qurultayın nəticələrini tanımamağa haqqı yoxdur”

Nüşabə Sadıqlı: “Qubad İbadoğlunun qurultayın nəticələrini tanımamağa haqqı yoxdur”
# 21 noyabr 2014 11:01 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Nüşabə Sadıqlı deyib. O, Müsavat başqanlığına sabiq namizədlərin işçi qrup yaradaraq fraksiya formalaşdırmaq cəhdlərinin qanunsuz olduğunu söyləyib: “Demokratiya ilk növbədə qanun çərçivəsində idarəçilikdir. Bu mənada Müsavat bu gün qanunlarla idarə olunan bir partiyadır. Müsavat Partiyasının Nizamnaməsində fraksiya yaradılması nəzərdə tutulmayıbsa, deməli, bu, qanunsuzluqdur və buna mənim münasibətim çox mənfidir. Müsavatın avtoritar üsullarla idarə olunması barədə iddiaları da qəbul etmirəm. Çünki Müsavat rəhbərliyi dəfələrlə sözünü, iradını bildirmək istəyənlərə şərait yaradıb. Ancaq heç biri nə görüşə gəlib, nə də müzakirəyə qatılıb”.

N. Sadıqlı bildirib ki, partiyadan uzaqlaşdırılan üzvlər etik və əxlaqi normaları pozduqları, partiya strukturlarının qərarları ilə hesablaşmadıqları üçün çıxarılıblar: “Müsavat Partiyası Nizamnaməyə söykənən, həm də cəmiyyətdə əxlaqı əsas tutan bir partiyadır. Qanunsuzluq edən mütləq öz cəzasını almalıdır”.

N. Sadıqlı başqanlığa sabiq namizəd Qubad İbadoğlunun qurultayın nəticələrinə qarşı çıxmasına də münasibət bildirib: “Qubad İbadoğlu zamanında Divanın, Təşkilat Komitəsinin üzvü idi. Onun qurultayın qərarlarını tanımamaq haqqı yoxdur. Qubad İbadoğlu iddia edir ki, pozuntuların əksəriyyəti qurultay ərəfəsində baş verib. Onun hər kəsdən fərqli olaraq, tribunadan söz demək haqqı var idi. Qurultayda Qubad İbadoğlu tribunaya çıxanda deyərdi ki, müəyyən pozuntular olduğu üçün qurultayı legitim hesab etmir, yeni qurultayın çağırılmasını tələb edir. Qubad İbadoğlu isə qurultayda çıxış edərək, hər şeyin normal olduğunu bildirib. Bu adamlar çox yanlış yoldadırlar və məncə, zaman kimin-kim olduğunu göstərəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR