Bu gün TANAP-ın tikintisi üçün boru tədarükünə dair razılaşma imzalanacaq

Bu gün TANAP-ın tikintisi üçün boru tədarükünə dair razılaşma imzalanacaq
# 14 oktyabr 2014 07:26 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan və Türkiyənin ortaq layihəsi Trans-Anadolu qaz-boru kəməri layihəsi (TANAP) tamamlanmaq üzrədir. Azərbaycan qazını Avropaya nəql edəcək TANAP layihəsinin boru xəttinin tikintisində yerli şirkətlərin iştirakı planlaşdırılır.

APA-Economics”in Türkiyənin “Sabah” portalına istinadən verdiyi məlumata görə, uzunluğu 1 800 km və dəyəri 1,3 mlrd. ABŞ dollarlıq layihənin 80%-nin yerli polad boru istehsalçıları hesabına ödənilməsi nəzərdə tutulub.

Belə ki, layihəni polad borularla Türkiyənin “Borusan Mannesmann”, “Erciyas Çelik Boru” və “Noksel Çelik Boru” şirkətləri təchiz edəcək.

Qeyd edək ki, bu gün Türkiyə baş naziri Əhməd Davutoğlu və Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızın iştirakı ilə TANAP layihəsinin tikintisi üçün boru tədarükünə dair razılaşmanın imzalanma mərasimi keçiriləcək.

Qeyd edək ki, TANAP layihəsinin boru xəttinin Türkiyə hissəsini təxminən 1 830 km nəzərdə tutulub. Bundan başqa, kəmərin Eskişəhərə qədər diametrinin 56 düym, Avropa hissəsində isə 47 düym olması planlaşdırılıb.

Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə çatdırılacaq.

Xatırladaq ki, TANAP layihəsində ARDNŞ 68%, BOTAS və TPAO 20%, VR isə 12% paya sahibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR