Azərbaycan nümayəndə heyəti Düşənbədə keçirilən beynəlxalq forumda iştirak edir

Azərbaycan nümayəndə heyəti Düşənbədə keçirilən beynəlxalq forumda iştirak edir
# 10 noyabr 2015 13:09 (UTC +04:00)

Bakı – APA. Düşənbədə “2030-cu ilədək SPECA regionunda davamlı inkişaf sahəsində gündəlikdə duran məsələlərin həyata keçirilməsi və yoxlanılmasının dəstəklənməsi” Beynəlxalq SPECA İqtisadi Forumu və SPECA Rəhbərlər Şurasının 10-cu sessiyası öz işinə başlayıb.

Azərbaycanın Tacikistandakı səfirliyindən APA-ya verilən məlumata görə, forumda ev sahibi Tacikistan, Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan nümayəndələri, bir sıra beynəlxalq qurumların və səfirliklərin təmsilçiləri iştirak edir.

Forumda Azərbaycanı iqtisadi inkişaf nazirinin müavini Sahib Məmmədov, ölkəmizin Tacikistandakı səfiri Abbasəli Həsənov, İqtisadi İnkişaf Nazirliyinin müşaviri İlqar Qasımlı təmsil edirlər.

Nazir müavini S. Məmmədov çıxışı zamanı bildirib ki, Azərbaycan BMT-nin Minillik Proqramında nəzərdə tutulan məqsədlər - yoxsulluğun azaldılması, gender bərabərliyi, uşaq ölümü, ətraf mühitin mühafizəsi və s. sahələrdə dövlət proqramları qəbul edərək, onları uğurla həyata keçirib. O qeyd edib ki, Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar makroiqtisadi göstəricilərdə öz əksini tapıb.

S. Məmmədov Azərbaycanın son illər yüksək texnologiyalar sahəsində əldə etdiyi uğurlar, vətəndaşları inzibati maneələrdən azad edən və ölkəmizin brendinə çevrilən ASAN xidmətin fəaliyyət mexanizmi barədə forum iştirakçılarına məlumat verib.

Nazir müavini Azərbaycanın beynəlxalq və regional qurumlarla səmərəli əməkdaşlığına toxunaraq Ermənistanın ölkəmizə qarşı davam edən işğalçılıq siyasətinin bu istiqamətdə əsas problem olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad olunmasına dair BMT TŞ-nin 4 qətnaməsi bu günədək Ermənistan tərəfindən yerinə yetirilmir.


Qeyd edək ki, SPECA (United Nations Special Programme for the Economies of Central Asia) 1998-ci ildə BMT İqtisadi Komissiyasının təşəbbüsü ilə yaradılıb. Onun əsas fəaliyyəti Azərbaycan, Əfqanıstan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi və regional əməkdaşlığın dəstəklənməsidir. SPECA çərçivəsində su və energetika resursları, nəqliyyat və sərhəd, ticarət, statistika, iqtisadi inkişaf, gender bərabərliyi və iqtisadiyyat məsələlərinə dair 6 işçi qrup fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR