Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycandakı maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi qaydası müəyyənləşib

Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycandakı maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi qaydası müəyyənləşib
# 07 iyun 2015 07:56 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, qərara əsasən xarici dövlətlərin Azərbaycan ərazisində maliyyə əməliyyatları həyata keçirən və həmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, barəsində məlumat tələb edilən hər bir hüquqi və fiziki şəxsinin adı, ünvanı və həmin xarici dövlətdə aldığı vergi identifikasiya nömrəsi (əgər varsa), habelə beynəlxalq müqavilənin tərəfi olan xarici dövlətin şəxsi hesab olunmayan hüquqi şəxsin bir və ya bir neçə nəzarət edən şəxsi həmin dövlətin şəxsi olduğu halda, belə hüquqi şəxsin və nəzarət edən şəxsin hər birinin adı, ünvanı və həmin xarici dövlətdə aldığı vergi identifikasiya nömrəsi (əgər varsa) həmin dövlətlərin səlahiyyətli orqanlarına veriləcək.

Xarici dövlətlərin səlahiyyətli orqanlarına veriləcək məlumatlar sırasında xarici dövlətlərin ərazisində maliyyə əməliyyatları həyata keçirən, həmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, barəsində məlumat tələb edilən və həmin xarici dövlətdə aldığı vergi identifikasiya nömrəsi Azərbaycanın hesabatverən maliyyə institutunun məlumat bazasında olmayan fiziki şəxsinin və beynəlxalq müqavilənin tərəfi olan xarici dövlətin şəxsi hesab olunmayan hüquqi şəxsin həmin xarici dövlətin şəxsi olan və həmin xarici dövlətdə aldığı vergi identifikasiya nömrəsi Azərbaycan Respublikasının hesabatverən maliyyə institutunun məlumat bazasında olmayan nəzarət edən şəxsinin doğulduğu tarix, hesab nömrəsi (hesab nömrəsi olmadıqda, digər funksional ekvivalent), Azərbaycanın hesabatverən maliyyə institutunun adı və beynəlxalq müqaviləyə uyğun olaraq, xarici dövlətin məlumat bazasında maliyyə institutu kimi qeydiyyata alınması tələb olunduğu halda müvafiq identifikasiya nömrəsi, hesab sahibinin Azərbaycanın hesabatverən maliyyə institutundakı hesablarının müvafiq təqvim ilinin və ya digər müvafiq hesabat dövrünün sonuna və ya əgər hesablar il ərzində bağlanmışdırsa, bilavasitə bağlanmazdan əvvəl cəmi qalığı və ya dəyəri (həyatın yığım sığortası müqaviləsi üzrə nağd pul dəyəri və ya qaytarılan məbləğ) də yer alacaq. Eyni zamanda hər hansı depozitar hesabı üzrə təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində hesabda saxlanılan aktivlərlə bağlı hesaba (və ya hesabla bağlı) ödənilmiş və ya hesablanmış faizlərin, dividendlərin və digər gəlirlərin ümumi məbləği, Azərbaycanın hesabatverən maliyyə institutunun hesab sahibi üçün depozitar, broker, nominal saxlayıcı və ya agent kimi çıxış etdiyi aktivin satılmasından və ya girovdan azad edilməsindən əldə olunan və təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində hesaba ödənilmiş və ya hesablanmış ümumi gəlirləri, hər hansı hesab üzrə, təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində Azərbaycanın hesabatverən maliyyə institutunun öhdəlik götürdüyü və ya borclu olduğu hesabla əlaqədar hesab sahibinə ödənilmiş və ya hesablanmış ümumi məbləğ, o cümlədən hesab sahibinə geri qaytarılan ödənişlərin ümumi məbləği barədə məlumat da xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim olunacaq.

Xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, hesabat verilməli maliyyə əməliyyatları barədə məlumatlar Azərbaycanın hesabatverən maliyyə institutları tərəfindən Azərbaycanın xarici dövlətlərlə bağladığı müvafiq beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, lakin məlumatların aid olduğu təqvim ili başa çatdıqdan sonrakı ilin 1 iyul tarixindən gec olmayaraq Vergilər Nazirliyinə ötürülməlidir. Xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, hesabat verilməli maliyyə əməliyyatları barədə məlumatlar Azərbaycanın hesabatverən maliyyə institutları tərəfindən Vergilər Nazirliyinə ötürülərkən, Azərbaycanın müvafiq qanunvericilik aktlarında və tərəfdar çıxdığı beynəlxalq sazişlərdə nəzərdə tutulmuş məxfiliklə bağlı tələblərə əməl edilməlidir. Xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq hesabat verilməli maliyyə əməliyyatları barədə məlumatlar Azərbaycanın hesabatverən maliyyə institutları tərəfindən Vergilər Nazirliyinə ötürülərkən, məbləğlərin əks olunduğu valyuta mütləq göstərilməlidir. Xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, hesabat verilməli maliyyə əməliyyatları barədə məlumatlar yalnız e-hesabat vasitəsilə təqdim edilir. Azərbaycanın hesabatverən maliyyə institutu elektron sənəd mübadiləsi ilə bağlı Vergilər Nazirliyinin bütün təlimat və qaydalarına əməl edir, e-hesabatı nəzərdə tutulmuş müddətlərdə vergi orqanına göndərir. E-hesabatın Azərbaycanın hesabatverən maliyyə institutları tərəfindən Vergilər Nazirliyinə təqdim edilməsi və Azərbaycanın hesabatverən maliyyə institutları ilə Vergilər Nazirliyi arasında elektron sənəd mübadiləsinin aparılması gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir. E-hesabat Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu tərəfindən maliyyə institutlarında vergi monitorinqi portalından istifadə edilməklə onlayn rejimdə və ya e-hesabat tərtibatı proqramından, yaxud e-hesabat faylından istifadə edilməklə oflayn rejimdə tərtib edilə bilər. E-hesabatın onlayn rejimdə tərtibi üçün, gücləndirilmiş elektron imza ilə maliyyə institutlarında vergi monitorinqi portalının “Şəxsi kabinet” bölməsinə daxil olunur və zəruri məlumatlar daxil edilir. Tərtib edilmiş e-hesabat bu bölmədə imzalanaraq Vergilər Nazirliyinə təqdim olunur. Azərbaycanın hesabatverən maliyyə institutu tərəfindən daxil edilmiş məlumatlar müvafiq olaraq maliyyə institutlarında vergi monitorinqi portalı və ya e-hesabat tərtibatı proqramı tərəfindən ilkin olaraq yoxlanılır və müvafiq tələblərə cavab vermədikdə qəbul edilmir.

E-hesabat Azərbaycanın hesabatverən maliyyə institutları tərəfindən Vergilər Nazirliyinə təqdim edilməzdən əvvəl Azərbaycan Respublikasının hesabatverən maliyyə institutlarının ən azı iki vəzifəli şəxsi (rəhbər və Azərbaycan Respublikasının xarici dövlətlərlə bağladığı müvafiq beynəlxalq müqavilələr üzrə məsul şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq olunmalı və maliyyə institutlarında vergi monitorinqi portalından istifadə edilməklə Vergilər Nazirliyinə təqdim olunmalıdır. Azərbaycanın hesabatverən maliyyə institutu tərəfindən Vergilər Nazirliyinə təqdim edilmiş müvafiq e-hesabat Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilənin tərəfi olan xarici dövlətin səlahiyyətli orqanına ötürüldükdən sonra Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu müvafiq e-hesabatdakı hər hansı məlumatda dəyişiklik etmək istədikdə, müvafiq hesab sahibləri barəsindəki məlumatların dəyişiklik edilmiş versiyasını həmin hesab sahibləri üçün “dəyişiklik” bölməsini seçməklə yenidən tərtib edərək imzaladıqdan sonra “dəyişiklik” e-hesabatı formasında Vergilər Nazirliyinə təqdim edir. Azərbaycanın hesabatverən maliyyə institutu vergi orqanına təqdim etdiyi e-hesabatların, Azərbaycanın xarici dövlətlərlə bağladığı müvafiq beynəlxalq müqavilələr çərçivəsində həmin hesabatverən maliyyə institutunun yoxladığı bütün fiziki və hüquqi şəxslərlə əlaqədar əldə etdiyi sənədlərin və vergi orqanından daxil olmuş bütün elektron sənədlərin 7 ildən az olmayan müddətdə saxlanılmasını təmin edir. Azərbaycanın hesabatverən maliyyə institutu Azərbaycan Respublikasının xarici dövlətlərlə bağladığı müvafiq beynəlxalq müqavilələr çərçivəsində yoxladığı bütün fiziki və hüquqi şəxslərlə əlaqədar əldə etdiyi sənədlərin əslini və ya təsdiq edilmiş surətlərini Vergilər Nazirliyinin və ya Azərbaycanın bağladığı beynəlxalq müqavilənin tərəfi olan xarici dövlətin səlahiyyətli orqanının tələbi əsasında Vergilər Nazirliyinə təqdim edir.

Xarici dövlətlərin həmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, barəsində məlumat tələb edilən hüquqi və fiziki şəxslərinin Azərbaycan ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə bu Qaydalarla müəyyənləşdirilmiş məlumatlar Vergilər Nazirliyi tərəfindən həmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə və qaydalarda həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim edilir. Xarici dövlətlərin həmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, barəsində məlumat tələb edilən hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə bu Qaydalarla müəyyənləşdirilmiş məlumatlar Vergilər Nazirliyi tərəfindən həmin dövlətlərin səlahiyyətli orqanlarına ötürülərkən, Azərbaycanın müvafiq qanunvericilik aktlarında və tərəfdar çıxdığı beynəlxalq sazişlərdə nəzərdə tutulmuş məxfiliklə bağlı tələblərə əməl edilməlidir. Xarici dövlətlərin həmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, barəsində məlumat tələb edilən hüquqi və fiziki şəxslərinin Azərbaycan ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə bu Qaydalarla müəyyənləşdirilmiş məlumatlar Vergilər Nazirliyi tərəfindən həmin dövlətlərin səlahiyyətli orqanlarına ötürülərkən, məbləğlərin əks olunduğu valyuta mütləq göstərilməlidir. Xarici dövlətlərin həmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, barəsində məlumat tələb edilən hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə bu Qaydalarla müəyyənləşdirilmiş məlumatlar Vergilər Nazirliyi tərəfindən həmin dövlətlərin səlahiyyətli orqanlarına kriptoqrafik vasitələrdən istifadə edilməklə şifrələndikdən və paketləndikdən sonra ötürülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR